Mar 14 2017 11:46
Ulviyye Sabirqizi
Views: 1351

Bu il Bakıdakı orta məktəblərə şagirdlərin 1-ci sinfə qəbulla bağlı yeniliklər edilib.

CBC-nin məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva 2017-2018-ci tədris ili üzrə Bakının ümumtəhsil müəssisələrinə 1-ci sinfə şagird qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinə 1-ci sinfə qəbul zamanı valideynlər elektron ərizələrində arzu etdikləri müəllimləri seçə biləcəklər: "Sistem ilk müraciət edən 25 uşağı qəbul edəcək. Normativ yerinə yetdikdən sonra valideynlər digər müəllimləri də seçə bilərlər".

İ.Abdullayeva qeyd edib ki, bununla yanaşı, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə bəzi valideynlər uşaqlarını müsabiqədənkənar qoya biləcəklər: "Əgər valideyn elektron ərizəsində həmin məktəbin adını qeyd edibsə və rəsmi qeydiyyatla məktəb üzrə müəyyən olunmuş mikroərazidə yaşayırsa, o zaman uşaq bu məktəblərə müsabiqədənkənar qəbul oluna biləcək. Digər uşaqlar isə qəbul olunmuş qaydalara uyğun olaraq, müsahibədə iştirak edəcəklər. Məktəb direktoru uşağın bu ərazidə yaşayıb-yaşamamasını yoxlamaq hüququndan məhrumdur. Bu, sistem tərəfindən yoxlanacaq".

İ.Abdullayeva deyib ki, mikroərazidə yaşayan valideynlərin uşaqlarının müsabiqədənkənar qəbul məsələsi 3 məktəbə şamil edilməyəcək və onlar bu sırada istisnalıq təşkil edəcək. Həmin məktəblər "Avropa" liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət Gimnaziyasıdır.

İ.Abdullayeva əlavə edib ki, bu il valideynlərin adi ümumtəhsil müəssisələrinə sənəd təqdim edərkən özləri ilə uşaqlarını gətirməsinə ehtiyac olmayacaq. Bu isə o deməkdir ki, uşaqlar üçün müsahibə keçirilməyəcək.

İ.Abdullayeva deyib ki, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan və dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq kurslarına cəlb olunan uşaqlar dövlət məktəblərinin 1-ci sinfinə müsabiqədən kənar qəbul olunacaqlar.

 


Create Account



Log In Your Account