Mar 01 2018 10:22
Ferah Sabirqizi
Views: 567

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.

Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Silahlı Qüvvələrdə ilk dəfə belə imkan Birinci Dünya müharibəsi zamanı yaranıb. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq ediblər. Bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaradıb. Həmin vaxtdan bu prosesə qoşunlarla yanaşı, mülki əhalinin də cəlb edilməsinə başlanılıb.

1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə Cenevrə Regionu Assosiasiyasını yaradıb. Bu qurum sonradan Ümumdünya Mülki Müdafiə Təşkilatına (ÜMMT) çevrilib.

Hazırda ÜMMT-yə 100-dən çox ölkə üzvdür. 1993-cü ildən ÜMMT-nin üzvü olan Azərbaycan onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin–amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Azərbaycanda da mülki müdafiə ilə bağlı genişmiqyaslı işlər görülüb. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar hadisə oldu. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. Bu məqsədlə Mülki Müdafiə Qoşunlarının balansında olan binalarda, bu sahədə ixtisaslaşan hərbi hissələrdə dünya standartları səviyyəsində əsaslı təmir və yenidənqurma işləri aparılır. Məhz bunun nəticəsində nazirliyin fövqəladə hallarda cavab tədbirlərinin görülməsində, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik və operativ reaksiya verilməsində göstərdiyi səylər xarici tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahəyə də diqqət və qayğı göstərir. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etməsi buna bariz nümunədir.

Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. Mülki müdafiə işinin səviyyəsinin durmadan yüksəldilməsi, bu sahənin peşəkar gənc kadrlara olan ehtiyacının ödənilməsi baxımından FHN Akademiyasının da üzərinə böyük məsuliyyət düşür. Ali tədris müəssisəsi olaraq Akademiyada, ilk növbədə, mülki müdafiə dərslərinin yüksək səviyyədə keçirilməsinə, kursantlara öyrədilən nəzəri biliklərin praktiki məşğələlərlə əlaqələndirilməsinə böyük diqqət yetirilir.


Create Account



Log In Your Account