Sep 20 2017 10:00
Naile Hesenova
Views: 101

Azərbaycanda neft-qaz sənayesi işçiləri peşə bayramını qeyd edir. Ölkənin əsas sərvəti olan “qara qızıl” barədə ilkin məlumat 10-11-ci əsrlərə təsadüf edir. 1847-ci ildə isə Bibiheybət yatağında dünyada ilk dəfə mexaniki üsulla qazılmış quyudan sənaye əhəmiyyətli neftin alınması ilə Azərbaycanda neft sənayesi yaranıb. Bundan sonra, 19-cu əsrin sonları-20-ci əsrin əvvəllərində Bakıda əsl neft bumu yaşanıb. İkinci dünya müharibəsi dövründə isə Azərbaycan nefti SSRİ-nin ehtiyacının böyük hissəsini ödəyib.
Neft sənayesinin yeni tarixi 1994-cü ildən start götürür. 24 il öncə sentyabrın 20-də Bakının Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yatatqlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə təxminən 400 səhifə həcmində və 4 dildə əksini tapan sənədə "Əsrin müqaviləsi" adı verildi. Bununla da Azərbaycanda Yeni neft strategiyasının təməli qoyuldu. Bu strategiyanın banisi Milli lider Heydər Əliyev oldu. Məhz ulu öndərin təşəbbüsü və iradəsi ilə imzalanan bu sənəd Azərbaycanın dünyada neft ölkəsi kimi tanınmasında mühüm rol oynadı.
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkənin neft sənayesi daha da inkişaf etməyə başladı, yeni layihələr üzrə müqavilələr imzalandı, əldə edilən gəlirlər digər sahələrin də inkişafına təkan verdi.  
Prezidenti İlham Əliyev Azəri-Çıraq-Günəşli yatağı üzrə sazişin uzadılması ilə bağlı mərasimdə çıxışında "Əsrin kontraktı”nın Azərbaycana verdiyi faydalardan danışıb:
 "1994-cü ildə “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanmışdır. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Bu da dünyanın neft tarixində nadir hadisələrdəndir. 1994-cü ildə kontrakt imzalanır, üç ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlamışdır. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilmişdir və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanmışdır. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və o istiqamətdə də işlər gedir. Bunlardan əlavə, dünyanın ən böyük Səngəçal neft-qaz terminalı tikilmişdir. Gəmiqayırma zavodu tikilmişdir, hansı ki, indi Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Dünyanın ən böyük qazma qurğularından biri - Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilmişdir. Azərbaycanda platformalar tikilir. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında əksəriyyət təşkil edirlər”.
Yeni neft strategiyasının daha bir tarixi hadisəsi bu il setyabrın 14-də baş tutdu. Bakıda Heydər Əliyev Mərkəzidə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Yeni sənəddə Dövlət Neft Şirkəti – SOCAR-ın payı 11,6 %-dan 25 faizə çatdı. SOCAR-ın “AzAÇG” şirkəti isə kontraktın icrasında podratçı kimi iştirak edəcək.
Socar-In İnvestisiya Və Marketinq Üzrə Vitse-Prezidentinin Müavini Vitali Bəylərbəyov bildirib ki, yeni şərtlərlə bütün tərəflərin qarşılıqlı razılaşması əsasında maraqlar balansı dəyişən Azərbaycanın, SOCAR-ın xeyrinə olan yeni saziş imzalanıb və bu çox vacibdir: “ Həmçinin, sazişin uzunmüddətli perspektivi əhatə etməsi də əsas məsələlərdən biridir. Sənəd 2050-ci ilədək qüvvədə olacaq. Bu, uzunmüddətli saziş əməkdaşlığa, iqtdisadiyyatımıza yeni investisiyaların həyata keçirilməsinə dəstək olacaq, yeni iş yerlərinin açılmasına və ölkəmizdə növbəti neft bumunun yaşanması deməkdir”.


Yeni sazişdə Azərbaycanın əldə edəcəyi bonus məbləği də dəyişib. Əgər 1994-cü ildə bu məbləğ 300 milyon dollar idisə, yeni sənəddə bonus 3,6 milyard dollar təşkil edir. Bu da Azərbaycanın büdcəsinə əlavə gəlir olmaqla yanaşı, ölkə iqtisadiyyatının şaxələndirməsinə, qeyri-neft sektorunun inkişafına böyük dəstəkdir.
Bununla yanaşı, yeni müqavilə Azərbaycanın uğurlu neft strategiyasının yeni mərhələyə keçməsinə də imkan yaradır.


Bütün bu nəhəng layihələrin arxasında neftçi əməyi dayanır. Azərbaycanda neft-qaz sənayesində onminlərlə insan çalışır və onların işi, zəhməti sayəsində Azərbaycan bu istiqamətdə yeni-yeni uğurlara imza atır. Bu günədək onların əməyi nəticəsində ümumilikdə 2 milyard tonadək neft hasil olunub. Noyabrda bu həcmin 2 milyard tona çatacağı gözlənilir.

 


Create Account



Log In Your Account