Dec 17 2019 14:55
Elshad Aliyev
Views: 140

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Gələn il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat məbləğində təsdiq edilib. AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının 2020-ci il dövlət büdcəsi haqqında Qanuna dair şərhini təqdim edir.

- 2020-ci ilin büdcəsini fiskal dayanıqlılıq baxımından necə qiymətləndirirsiniz?

- Əvvəla onu deyim ki, 2020-ci il və sonrakı 3 ilin icmal və dövlət büdcələri yeni büdcə qaydalarına əsasən hazırlanıb. Yəni, büdcə xərcləri bir ildə 3 faizdən çox arta bilməz. Azərbaycan infrastruktur, orta təbəqə və ordu quruculuğu sahəsində nailiyyətlər əldə etdikdən sonra büdcə qaydalarını tətbiq etməklə fiskal dayanıqlılığa üstünlük verir. Beləliklə, növbəti ildə 4,6 faizlik inflyasiya proqnozu nəzərə alınmaqla icmal büdcə bu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz artmaqla 29 milyard 488 milyon manata çatır. Fiskal dayanıqlılığın daha bir əlaməti odur ki, ölkə başçısının tapşırığına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti növbəti ildə daha 1 faiz azalaraq 29,1 faizə endiriləcək. Bu o deməkdir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur. Xüsusən də nəzərə almaq lazımdır ki, gələn il sosialyönümlü xərclər 2,6 milyard manat və ya 33,5 faiz çox proqnozlaşdırılıb. Bir tərəfdən neftin qiymətinin hər barrelə görə növbəti ilin büdcəsində 5 dollar və ya 8,3 faiz az götürülməsi, digər tərəfdən isə sosial xərclərin 33,5 faizlik artımı fonunda büdcə qaydalarının pozulmaması fiskal dayanıqlılığın güclənməsi mənasına gəlir. Gələn il Dövlət Neft Fondundan büdcəyə transfertin və hasilatın pay bölgüsü üzrə mənfəət vergisinin azalan həcmini qeyri-neft sektoru kompensasiya edəcək. Ümumilikdə fiskal dayanıqlılığın və onun ayrı-ayrı komponentlərinin, o cümlədən pensiya və səhiyyə sisteminin dayanıqlılığının artırılması istiqamətində konkret vəzifələr müəyyənləşdirilmişdi.

- Fiskal dayanıqlılığın artırılması nəyin hesabına baş verir?

- Burada 2 mənbə var: qeyri-neft sektoru inkişaf edir və kölgə iqtisadiyyatından leqallaşmaya sürətli keçid baş verir. Gələn il qeyri-neft sektorunun artımı 3,8 faiz olacağı halda, qeyri-neft sektorundan büdcə daxilolmaları 3,2 dəfə yüksələn templə - 12 faiz, qeyri-neft sektoru üzrə ixrac isə 4,8 dəfə üstün templə - 18,1 faiz artacaq. Burada bir amili də nəzərə almaq lazımdır ki, həm 2019-cu, həm də 2020-ci illərdə “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər orta vergi dərəcəsini aşağı salır.

2020-ci ildəki vergi islahatlarında əsas məqsəd hamıya bərabər şəraitin yaradılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün yüngülləşdirilməsidir. Gələn il üzrə vergi islahatlarının bəziləri bunlardır: sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, dövlət büdcəsindən ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, yeni tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması və sair. Beləliklə, azalan vergi dərəcələri fonunda vergi gəlirləri artır. Ədəbiyyatda belə asılılığa Laffer əyrisi deyilir. Bu onu göstərir ki, vergi yükünün artması deyil, azalması büdcə daxilolmalarının çoxalması ilə nəticələnir. Çünki məcburetmə prinsipindən könüllü riayətə keçid baş verir, heç kimə “imtiyaz” tanınmaması rəqabət mühitini yaxşılaşdırır və iqtisadiyyatı gücləndirir. Beləliklə, ədalətli vergi rejimi həm də rəqabəti və iqtisadi artımı stimullaşdırır, yenidən bu yolla vergi bazasını genişləndirir. Vergi-gömrük siyasəti və iqtisadi artım arasında “müdrik çevrə” yaranır. Ödəyici verginin ədalətliliyinə nə qədər çox inanarsa, bir o qədər də intizamlı olacaq. Vergi ədalətə bağlıdır.

Bu il ərzində Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə aparılan islahatlar nəticəsində büdcə daxilolmalarının plandan təxminən 1 milyard manat çox olması proqnozlaşdırılır. Gəlirlərin artmasında qeyri-neft sənayesi, xidmət, ictimai iaşə, tikinti, habelə idxal əməliyyatları aparıcı rol oynayır. Beləliklə, qeyri-neft sektorunun barını görürük, bu sahədən yığım əmsalı artır.

Karbohidrogen sektorunda ÜDM-in gələn il 1,6 faiz və 2021-ci ildə isə 4,5 faiz artımı proqnozlaşdırılır. Lakin bu təbii qaz hasilatının kəskin artması nəticəsində mümkün olacaq. Nəzərə almaq lazımdır ki, neftin mənfəət norması qazla müqayisədə bir neçə dəfə yüksək olduğundan, ölkənin, o cümlədən icmal büdcənin bu sahədən gəlirlərinin əhəmiyyətli artması mümkün deyil. Fiskal dayanıqlılığın təmin edilməsi yalnız qeyri-resurs iqtisadiyyatının inkişafı ilə mümkündür.

- Bəs dövlət büdcəsində xarici borca xidmətin dinamikası necədi?

- 2017-ci ildə cəmi xarici borca xidmət dövlət büdcəsinin xərclərinin 11 faizini təşkil etdiyi halda, 2025-ci ildə bu hədd 6,2 faizə endiriləcək. Prioritet layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti ən yuxarı həddə çataraq geri dönməyə başlayıb. Növbəti illərdə mövcud xarici dövlət borcunun azalması, cəlb olunan yeni borclardan çox olacaq və tədricən xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ildə 12 faizə endiriləcək. Azərbaycan xarici borcun ÜDM-ə nisbətinə görə dünyada ən yaxşı vəziyyətdə olan ölkələrin sırasındadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcu 6 dəfə üstələyir. Xarici borcun məzənnə, faiz, təkrar maliyyələşmə və əməliyyat riskləri təhlil olunur ki, təhdidlər yaranmasın. “Fitch”, “Moodys” və “Standart and Poors” kimi reytinq agentliklərinin Azərbaycan üçün müəyyən etdiyi kredit reytinqləri əlverişli şərtlərlə kreditlərin cəlb olunmasını zəmin yaradır. Lakin ölkə başçısının mövqeyi belədir ki, Azərbaycanın onsuz da az olan xarici dövlət borcu daha da azaldılmalıdır.

Azərbaycanda daxili dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti isə heç vaxt 1 faizə çatmayıb və gələcək illərdə də bu tendensiya qorunacaq.

- 2020-ci ilin büdcəsinin manatın məzənnəsinə təsiri necə olacaq?

- “Əkiz balanslar”a – tədiyyə balansına və icmal büdcənin balansına baxmaqla bu suala cavab vermək olar. Gələn il ticarət balansında ixracın 3,8 faiz, idxalın isə 1,5 faiz artması proqnozlaşdırılır. Ümumilikdə, ticarət balansında olan profisit 2020-ci ildə maliyyənin hərəkəti balansındakı kəsiri bağlayacaq və beləliklə, tədiyyə balansı tarazlaşdırılacaq. İcmal büdcənin kəsirinin də maliyyələşdirilməsi mənbələri müəyyənləşdirildiyindən manata təzyiq yaranmayacaq. Bu il valyuta bazarının təhlili onu göstərir ki, tələb-təklif tarazlığı təmin olunub və bank sistemində izafi likvidlik var. Buna görə də, növbəti il manatın məzənnəsinin sabitliyi proqnozlaşdırılır. Bu il inflyasiyanın aşağı olması səbəbindən real effektiv məzənnənin qismən ucuzlaşması qeyri-neft ixracının stimullaşdırılmasına gətirir.

- Fiskal stimullar inflyasiyanı sürətləndirə bilərmi?

- Pul bazası ilin əvvəlindən dörddəbir qədər artıb, lakin inflyasiya hədəf göstəricisindən belə aşağıdadır. Fiskal stimulların, o cümlədən sosial paketin qiymətlərə təsirini tənzimləmək üçün Mərkəzi Bank pul siyasəti alətlərindən istifadə edir. Məsələn, bu il uçot dərəcəsi dəfələrlə endirilib və faiz dəhlizinin diapazonu daralıb. Rəqəmsal ödənişlər üzrə dövlət proqramı uğurla icra olunur və kölgə iqtisadiyyatla mübarizə kəskinləşir ki, bu da nağdsız dövriyyənin artması və iqtisadiyyatın leqallaşması üçün vəsilədir. Nəticədə inflyasiyanı cilovlamaq üçün imkanlar artır. Pul tədavülü Qanununa görə, pul bazasının artması ilə yanaşı, həm də qeyri-neft sektorunun artması və qeyri-neft ixracının genişlənməsi də inflyasiyaya cilovlayıcı təsir göstərir. Artan pul kütləsinin arxasında yerli məhsul dayanır. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-in həcmini aşması həm manatın məzənnəsi, həm də inflyasiyanın cilovlanması üçün imkanlar yaradır. Təsəvvür edin ki, bu gün Azərbaycanda pul bazasında hər manatın arxasında 8 manat strateji valyuta ehtiyatı dayanır. Bunu hiss edən bazar iştirakçılarının inflyasiya gözləntiləri çox aşağıdır. Ölkə başçısının tapşırığı əsasında Azərbaycanda fiskal və monetar siyasətlərin uğurla uzlaşdırılması həyata keçirilir.

-Siz qeyd etdiniz ki, Azərbaycanın valyuta bazarında izafi likvidlik var. Bu likvidliyin real sektorun inkişafına yönəlməsi imkanlarını necə qiymətləndirirsiniz?

- Hazırda əsas çağırış bank sistemindəki izafi likvidliyin hesabına real sektorun kreditləşdirilməsini sürətləndirməkdi. Təsəvvür edin ki, banklar depozit və not hərraclarında təklifdən 3 dəfə çox tələblə çıxış edərək vəsaitlərini 6-7 faizlə yerləşdirdikləri halda, biznes kreditlərinin artırılmasına az maraq göstərirlər. Artıq dövlətimizin başçısı hökumət qarşısında bu problemin həlli ilə bağlı konkret tapşırıqlar müəyyənləşdirib. Bankların kredit faizini müəyyənləşdirən xərc maddələri – cəlb olunan vəsaitə çəkilən xərc, əməliyyat xərci, risklər və mənfəət elə bir faiz dərəcəsi müəyyənləşdirir ki, bəzən kredit faizi ilə real sektorun indiki gəlirlilik səviyyəsi arasında uyğunsuzluq yaranır. Məncə bu problemin həlli üçün - həm banklar xüsusilə risk antipatiyasını azaltmaqla kredit faizlərinin əlçatarlığını təmin etməlidir, həm dövlət kredit zəmanət mexanizminin imkanlarından daha geniş istifadə etməlidir, həm də real sektor bankları inandıra biləcək biznes layihələri təqdim etməlidirlər. Alternativ variant kimi Azərbaycanda biznesin maliyyələşdirilməsi üçün dünya bazarlarında kraudfandinq və kraudinvestinq imkanlarına baxılmalı, həmçinin vençur, mələk, toxum və sair investorların cəlb edilməsinə çalışılmalıdır. Məsələn, “EnterpriseAzerbaijan.com” portalı artıq bir neçə startap layihəsini “Kickstarter” platforması üzərindən təqdim etməklə ABŞ bazarından sərmayə cəlbinə başlayıb.

Azərbaycanda yalnız dövlət sərmayələri hesabına iqtisadi artımın stimullaşdırılması imkanları getdikcə məhdudlaşır. Yaradılmış əlverişli biznes mühiti və təşviq siyasətilə özəl sektorun drayver olduğu sürətli iqtisadi artım modelinə keçilməlidir. Maykl Spens “The next convergence” əsərində göstərirdi ki, davamlı və sürətli iqtisadi artıma nail olmaq üçün özəl investisiyalar ÜDM-in 15-17 faizini təşkil etməlidir. Azərbaycanda 2018-ci ildə qeyri-dövlət investisiyaları 8,8 milyard manat olmuşdusa, 2020-2023-cü illərdə bu göstərici illik 11-12 milyard manat intervalında dəyişəcək və ÜDM-in 15 faizinə yaxınlaşacaq. 2020-2023-cü illərdə dövlət sərmayələri isə illik 7-8 milyard manat olmaqla liderliyi özəl sərmayələrə ötürəcək. Təqdirəlayiq haldır ki, 2020-2023-cü illərdə qeyri-neft-qaz sektoruna neft-qaz sektoruna nisbətən 2 dəfə çox sərmayə yatırılacağı proqnozlaşdırılır.

Ölkə başçısının Strateji Yol xəritələrində qoyduğu tapşırığa əsasən, biz 2020-ci ilə qədər 3 faizlik iqtisadi artım tempinə çatmalıydıq ki, buna nail olunub. 2018-ci ildə Azərbaycanın adambaşına düşən ÜDM-i alıcılıq qabiliyyəti pariteti ilə Ermənistanla müqayisədə 75 faiz, Gürcüstan ilə müqayisədə 58 faiz çox olub. İndi iqtisadi artımın daha da sürətləndirilməsi vəzifəsi qarşıya qoyulub. Əhali artımını da nəzərə alanda biz ən azı 5-6 faizlik iqtisadi artım tempinə çıxmalıyıq.

-2020-ci ilin dövlət büdcəsi həm də səhiyyə xərclərinin artması ilə xarakterizə olunur. Bu artımda icbari tibbi sığortanın tətbiqinin də payı varmı?

- Əlbəttə. Gələn ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiqi olunacaq və bunun üçün də 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Yəni, 2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla səhiyyə xərcləri bu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz artırılıb. Burada diqqət yetirməli olduğumuz əsas məqamlardan biri “Tibbi sığorta haqqında” Qanununa təklif edilən dəyişikliklərin Milli Məclis tərəfindən qəbul edilməsidir. Dəyişikliyə əsasən, 2020-ci ilin yanvarın 1-dən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqla bərabər hüquqa malik olacaq.

Göründüyü kimi, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanacaq və əhaliyə göstərilin tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük islahat tədbirləri həyata keçiriləcək.

Buradakı digər mühüm məqam isə ondan ibarətdir dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda aşağı faizlə icbari tibbi sığorta haqları toplanacaq. Belə ki, 2020-ci il aprelin 1-dən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manatadək olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Xarici təcrübəyə baxdıqda isə məlum olur ki, bu göstərici Türkiyədə 12,5 faiz, Rusiyada 5,1 faiz, Estoniyada 13 faiz, Almaniyada 14,6 faiz, Çex Respublikasında 13,5 faiz təşkil edir. Bu siyahını kifayət qədər uzatmaq olar. Ümumiyyətlə, bəzi ölkələrdə icbari tibbi sığorta haqqının yalnız işçi və ya yalnız işəgötürən tərəfindən ödənilir. Azərbaycanda isə dövlət büdcəsinin icbari tibbi sığorta ilə bağlı yükün böyük bir hissəsini üzərinə götürməsi də büdcənin sosialyönlü olmasının göstəricisidir.

- Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərini necə görürsünüz?

- Empirik tədqiqatlar göstərir ki, inkişafın sənayeləşmə mərhələsində ölkədə adambaşına düşən ÜDM 12-15 min dollara çatanadək sənaye sahəsinin ümumi məhsul buraxılışında payı 25 faizədək yüksəlir. Bu mərhələ inkişafın industrializasiya mərhələsi adlanır. Azərbaycanda sənayenin ÜDM-də payı 40 faizi aşır. İnkişafın sonrakı mərhələsi isə daha çox xidmət sahələrinin genişlənməsi hesabına olduğundan de-industrializasiya mərhələsi adlanır. İqtisadi inkişafın de-industrializasiya mərhələsi əsas amillərin, yəni institutların və insan kapitalının inkişafı ilə mümkündür. Məsələn, Çin əsas amillərin deyil, daha çox dövlətin müdaxiləsi hesabına inkişafa meylləndiyindən, iqtisadi artım potensialı getdikcə zəifləyir. Amma Koreya, Sinqapur və Honq-Konq dövlətin müdaxiləsi ilə sənayeləşmənin və təməl amillərin (institut və insan kapitalı) inkişafının uğurlu sintezini yaradaraq davamlı yüksək iqtisadi artım tempini əldə edir. Azərbaycan ikinci yolla getməlidir və gedir də.

Prezident İlham Əliyev 2019-cu ildə inqilabi sosial islahatlar həyata keçirməklə insan kapitalının, hakimiyyətin bütün qolları üzrə dərin struktur islahatları ilə isə instutların inkişafını təmin edir. Təsadüfi deyil ki, 2020-2023-cü illərdə ən yüksək sürətlə inkişaf edən sahələrimiz xidmət sektorunda olacaq: məsələn, informasiya və rabitə xidmətlərinin bu dövrdə 30,1 faiz və turistlərin yerləşdirilməsi və ictimai iaşənin isə 24,9 faiz artacağı proqnozlaşdırılır. Hansı ki, sənaye bu dövrdə Azərbaycanda 14,2 faiz artacaq. Azərbaycan de-industrializasiya dövrünə keçir. Bizim okeanlara çıxışımızın olmaması strateji olaraq de-industrializasiya seçimimizə daha bir arqument ola bilər. Çünki xidmət sektorunun inkişafı okeana çıxışı, sənaye və aqrar sahə qədər tələb etmir. De-industrializasiya sənaye və aqrardan imtina demək deyil, sadəcə xidmət sektorunun üstün artım tempinin təmin edilməsidir. Azərbaycan bir sıra tibb xidmətləri, təhsil, elm, nəqliyyat, logistika, İKT, maliyyə texnologiyaları, turizm kimi sahələrdə regional haba çevrilə bilər. Dünyada bir daha yeni “Silikon vadisi” yaranmayacaq. Amma dünyada sub-sektorlar və regionlar üzrə 30 yeni startap habının yaranması proqnozlaşdırılır. Dördüncü sənaye inqilabı tələblərinə uyğun olaraq Azərbaycan məhz innovativ iqtisadiyyatın inkişafı istiqamətində getməlidir.


Create Account



Log In Your Account