Apr 23 2021 10:00
Elshad Aliyev
Views: 117

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

AZƏRTAC xəbər verir ki, hər il aprelin 23-də keçirilən müvafiq tədbirlərdə kitabların geniş əhatə dairəsi – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğu ictimaiyyətin diqqətinə bir daha çatdırılır.

UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə sosial təcrid şəraitində yaşamaq məcburiyyətində qalan insanlarda həyəcan hisslərini aradan qaldırmağa kitabların kömək etdiyi bildirilir. Vurğulanır ki, kitablar həm əyləndirmək, həm də öyrətmək kimi unikal xüsusiyyətə malikdir. Onlar bizə şəxsi təcrübəmiz çərçivəsindən kənara çıxan reallığı tədqiq etməyə və müxtəlif müəlliflərlə, ideyalarla və mədəniyyətlərlə tanış olmağa imkan yaradır. Kitablar insanlara onların şüurunun əlçatmaz dərinliklərindən xəbər verir. Biz kitabları oxuyarkən məkan və zaman xaricində sərbəst səyahətə çıxırıq.

Bu əlamətdar gündə, həmçinin insanlara həyata müxtəlif tərəflərdən baxmağa və başqa reallıqla təmasda olmağa imkan yaradan müəlliflərdən söz açılır. Onlar dünyaya, daha doğrusu digər dünyalara və kainatlara pəncərə açırlar. Məhz hər il aprelin 23-də - Uilyam Şekspirin, Migel Servantesin, İnka Qarsilaso de la Veqanın vəfatının ildönümü günündə əsərləri yüzilliklər ərzində insanları məftun edən müəlliflər xatırlanır. Bu gün, həmçinin fəaliyyəti kitablarla bağlı olan, ədəbi irsin populyarlaşmasına, yeni ideyalarla tanışlığa, əsərlərin yayılmasına kömək edən peşə sahibləri, o cümlədən redaktorlar, tərcüməçilər, naşirlər və kitab satanların əməyi hörmətlə qeyd olunur. Bu peşələri qoruyub saxlamaq, onların əhəmiyyətini təsdiqləmək COVID-19 pandemiyası dövründə xüsusən aktualdır.

Müraciətdə 2021-ci ildə Ümumdünya Kitab Paytaxtının Tbilisi şəhəri olduğu bildirilir.

Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

Bu ilin aprel ayında isə dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.

 


Create Account



Log In Your Account