Nov 29 2019 14:19
Elshad Aliyev
Views: 94

Dünən İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi, Tatarıstan hökuməti və Tatarıstan “Sələt” Gənclər Hərəkatının təşkilatçılığı ilə 5 gün ərzində Kazan şəhərində keçirilən 1-ci Beynəlxalq İƏT Modeli-Avrasiya Gənclik Konfransı öz işini bitirdi.

Konfransın açılış mərasimində çıxış edən Tatarıstanın Gənclər Nazirinin müavini Timur Süleymanov, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, Tatarıstanın Turizmin İnkişafı üzrə Mərkəzinin rəhbəri Dilbər Sadıxova, İƏT Gənclər Forumunun Baş direktoru Rəsul Ömərov, Bulqar İslam Akademiyasının rektoru Daniyar Abdurrəhmanov, “Sələt” Gənclər Hərəkatının başçısı Aygül Qabdrəhmanova, eləcə də Türkiyə və Özbəkistanın Tatarıstandakı baş konsulları tədbirin əhəmiyyətini qeyd edərək, gənclərin dünyada gedən qlobal proseslərlə bağlı daha yaxından maarifləndirilməsi və fəal rol oynamaları baxımından, bu cür tədbirlərin vacibliyini bildirdilər.

25 ölkəni təmsil edən 100-dən çox gənc liderin qatıldığı konfransda mədəniyyət, iqtisadiyyat və humanitar komitələrə bölünməklə, İƏT gündəliyində olan müxtəlif mövzular ətrafında fəal müzakirələr aparıldı. Konfransın son günü gənclərin qəbul etdiyi yekun qətnamələrdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində Azərbaycan xalqına aid mədəni irs və mülkiyyətin vəhşicəsinə məhv edilməsi qınanmış və bu irsin qorunması üçün BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin işğalçı dövlət tərəfdən icra olunması tələb edilmişdir.

Bundan başqa, humanitar mövzuda qəbul edilən qətnamədə gənclər Cənubi Qafqazda zamanı keçmiş və təhlükəli AES-lərin qəbul edilməzliyi haqda qətnamə qəbul etdilər.

Konfransın yekununda ADA Universiteti tələbəsi Suat Muradov “ən yaxşı nümayəndə”, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan nepallı tələbə Darşana Gurunq və Dövlət İdarəçilik Akademiyasının tələbəsi Azər Həziyev “ən yaxşı nümayəndə heyəti” olaraq seçildilər.


Create Account



Log In Your Account