Mar 06 2019 14:16
Ferah Sabirqizi
Views: 153

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı uşaq yemək borusu dəliyinin yırtığına görə laparoskopik əməliyyat olunub.

CBC.az xəbər verir ki, Klinikanın baş həkimi Ramiz Poluxovun verdiyi məlumata görə, uşaq yemək borusunun qanaxması ilə ağır vəziyyətdə klinikaya gətirilib. Müayinələrdən sonra təcili olaraq konservativ müdaxiləyə başlanılıb və qanaxma dayandırılıb.

Uzun müddət müxtəlif klinikalarda qastroezofageal reflüks xəstəliyinə görə müalicə almasına baxmayaraq uşağın vəziyyətində yaxşılaşma olmayıb, qusmalar, gecə saatlarında ağız suyu ifrazı, nəcisin qara olması əlamətləri davam edib, xəstə daimi olaraq anemiyadan əziyyət çəkib. Endoskopik müayinə zamanı qida borusunda dərin eroziyaların olması və poliplərin formalaşması aşkar olunub. Elə bunun nəticəsində də aparılan konservativ müalicələrə baxmayaraq davamlı reflüks nəticəsində mədə şirəsinin yemək borusunu zədələnməsi müşahidə olunub. Belə vəziyyətdə xəstə vaxtında əməliyyat olunmayanda yemək borusunun çapıqlaşaraq daralması və ya şişqabağı proses olan metoplaziya (Barret yemək borusu) yaranır. Ona görə də xəstənin vaxtında əməliyyat olunması gələcək proqnoz baxımdan çox mühüm əhəmiyyət daşıyır.

Klinikanın mütəxəssisləri laparoskopik üsulla xəstə üzərində yemək borusu dəliyinin yırtığının ləğvi, fundoplikasiya əməliyyatı həyata keçiriblər. Əməliyyat 45 dəqiqə ərzində yekunlaşıb və hazırda uşaq özünü yaxşı hiss edir.


Create Account



Log In Your Account