Nov 21 2019 15:54
Elshad Aliyev
Views: 56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı sahəsində mühüm işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu işlərin davamı kimi, nazirlik bu gün Ağcabədi, Bərdə, Ağdam, Sabirabad və s. rayonlarda yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verdi.

Ağcabədi rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin vətəndaş rifahının təminatı istiqamətində əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. O, cari ildə həyata keçirilən sosial islahatların nəticələrini, sosial ödənişlərdə edilən ciddi artımları diqqətə çatdırıb. Həssas qruplardan olan vətəndaşların da maddi təminatlarının artırılması sahəsində atılan mühüm addımları qeyd edib.

N.Rəhimov deyib ki, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2019-cu il ərzində nazirlik tərəfindən 934 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 386 mənzil və fərdi yaşayış evi təqdim edilib. İlin sonuna qədər bu kateqoriyalardan olan daha 550-yə yaxın vətəndaş da mənzillə təmin ediləcək.

Ümumilikdə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7040 mənzil və fərdi ev verilib.

Yeni fərdi yaşayış evlərinin sahibləri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıb, onların maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərə, yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.


Create Account



Log In Your Account