Apr 14 2018 15:09
Ferah Sabirqizi
Views: 97

Amerika Birləşmiş Ştatları Fransa və Böyük Britaniya ilə birgə Suriyaya aviazərbələr endirib. Müttəfiqlərin hərbi əməliyyatı cəmi 50 dəqiqə çəkib. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bildirib ki, aviahücumun hədəfi Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektləri olub.

"Bir qədər əvvəl mən Amerika Birləşmiş Ştatları hərbi qüvvələrinə Suriyada hərbi əməliyyatlara başlamaq barədə əmr verdim. Əməliyyatların məqsədi Suriya diktatoru Bəşər Əsədin Kimyəvi silah imkanlarını aradan qaldırmaqdır. Əməliyyatlar Fransa və Böyük Britaniya hərbi qüvvələri ilə müştərək həyata keçirilir. Biz onlara təşəkkür edirik. Bu gün bu üç ölkə barbarlıq və qəddarlığıa qarşı öz qüvvələrini hərəkətə keçirib".

Bununla belə, Ağ Ev rəhbəri ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib. Bildirib ki, hər hansı vəziyyətdən asılı olmayaraq, amerikalı hərbçilərin  Suriyada qalmasına çalışılmır. Donald Tramp qeyd edib ki, 2013-cü ildə Rusiya hökuməti Suriyada kimyəvi silahların məhv ediləcəyini dünyaya vəd etsə də, buna əməl olunmayıb. Bəşər Əsəd rejiminin bu yaxınlardakı hücumu və hazırda baş verənlər Rusiyanın vədlərinə əməl etməməsinin nəticəsidir.  

Birləşmiş Ştatların Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford hədəfdə bilavasitə Suriya hökumətinin kimya proqramları ilə bağlı obyektlərinolduğunu açıqlayıb. Onun sözlərinə görə “İlk əsas hədəf Dəməşq yaxınlığındakı elmi-tədqiqat mərkəzi, ikinci isə Homs yaxınlığında yerləşən kimyəvi maddələrin saxlanıldığıobyekt olub. General qeyd edib ki, əməliyyat barədə Rusiyaya əvvəlcədən xəbərdarlıq edilməyib, amma münaqişənin qarşısını almaq üçün adi kanallardan istifadə olunub. “Biz bu hədəfləri xüsusi olaraq seçdik ki, Rusiya qüvvələrinin münaqişəyə cəlb olunması riski azalsın. Hava məkanında münaqişəyə yol verməmək üçün mövcud olan adi kanallardan fəal istifadə etdik. Amma biz hücumlar barədə rusiyalılarla hər hansı koordinasiya aparmadıq və onları qabaqcadan xəbərdar etmədik”, - deyə general Cozef Danford bildirib.  

Suriyaya Aviahücuma Rusiyanın reaksiyası gecikməyib. Rusiya prezidenti Vladimir Putin "ABŞ və müttəfiqlərinin beynəlxalq hüquq normalarını pozaraq, BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsini pozmaqla Suriyaya  zərbələr endirdiyini deyib. Vladimr Putin baş verənləri terrorizmə qarşı mübarizənin ön planINda olan suveren dövlətə qarşı təcavüz aktı kimi qiymətləndirib. Vladimir Putinin rəsmi saytda dərc olunan bəyanatında Rusiyanın Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığı bildirilir. Bu arada Rusiya müdafiə nazirliyi  müttəfiqlərin Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxdığını açıqlayıb. Nazirlik Suriya Hava Hücumundan Müdafiə sistemlərinin raketlərin 71-ni hədəfə çatmadan məhv etdiyini bildirib. 

Nazirliyin açıqlamasında raketlərin  Amerika Birləşmiş Ştatları hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasındakı taktiki aviasiya tərəfindən, eləcə də Suriya ərazisindəki Ət-Tanf rayonundan qalxan ameikanın “B-1B” strateji bombardmançıları vasitəsilə endirildiyini göstərilib. 

Hərbi əməliyyatda  Böyük Britaniyanın iştirakı ilə bağlı  baş nazir  Tereza Mey bəyanat yayıb. Onun sözlərinə görə, Suriyada başlanan hərbi əməliyyat Əsəd rejiminin devrilməsinə yönəlməyib. Məqsəd  kimyəvi silahdan istifadə imkanlarını yox etməkdir.

Hərbi əməliyyatı şərh edən  BMT baş katibi Antoniu Quterriş BMT Nizamnaməsinə uyğun hərəkət etməyin vacibliyini vurğulayıb.  "Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransanın Suriyaya zərbələr endirməsi ilə bağlı xəbərləri diqqətlə izləmişəm. Xüsusilə sülh və təhlükəsizlikdən söhbət gedərkən öhdəlikləri, BMT Nizamnaməsinə və ümumilikdə beynəlxalq hüquqa uyğun hərəkət etmək zəruriliyini unutmaq olmaz", - Quterreş belə deyib.

NATO "Hərbi əməliyyatı dəstəklədiyini açıqlayıb. Təşkilatın baş katibi  Yens Stotlenberq yazılı bəyanatında Bəşər Əsədin kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatı dəstəklədiyini ifadə edərək, bu hücumun rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyini deyib. "Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə təhdid olaraq görür", - deyə NATO baş katibi vurğulayıb. 

Türkiyə Xarici İşlər Nazirliyi də Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib. “Türkiyə aprelin 7-də Dumada çoxlu sayda mülki şəxsin ölümünə yol açan kimyəvi silah hücumuna cavab olaraq, Amerika Birləşmiş Ştatları, İngiltərə və FransanınSuriya rejiminə qarşı təşkil etdiyi əməliyyatı düzgün reaksiya kimi qiymətləndirir. Rejimin həyata keçirdiyi yönündə güclü şübhə olan Duma hadisəsi qarşısında bütün insanlığın vicdani duyğularına uyğun olan bu əməliyyatı məmnunluqla qarşılayırıq”, - Nazirliyin açıqlamasında belə deyilir.

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei isə müttəfiqləri beynəlxalq hüququ pozmaqla ittiham edib. O, Amerika Birləşmiş Ştatlar, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb. Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcək. Ümumilikdə, Rəsmi Tehran müttəfiqlərin  Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının missiyasının apardığı araşdırmanın nəticələrini gözləmədən zərbə endirməsini kəskin pisləyib. İran xarici işlər nazirliyi hücumun bölgədə vəziyyətin daha da gərginləşməsinə, terrorçuluğun möhkəmlənməsinə səbəb olacağını bəyan edib.

Bu arada uzun müddətdir ictimaiyyət arasında görünməyən Suriya prezidenti Bəşər Əsədin görüntülər paylaşılıb. Müttəfiqlərin Suriyanın kimyəvi obyektlərini vurduqdan sonra onun işə getdiyi görünən video paylaşılıb.


Create Account



Log In Your Account