Mar 31 2017 14:00
Ulviyye Sabirqizi
Views: 1686

Azərbaycanda autizm xəstəliyi olan insanların sayı barədə dəqiq məlumat yoxdur. Dünyanın bir çox ölkəsində olduğu kimi, bununla bağlı Azərbaycanda da heç bir araşdırma aparılmayıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Nabil Seyidov CBC-yə deyib ki, bu, xəstəliklə mübarizədə bəzi çətinliklər yaradır:

“Ən başlıca sual Azərbaycanda autizm spektrində pozğunluqları olan uşaqların və insanların sayı nə qədərdir? Təəssüf ki, hələ biz bu suala cavab verə bilmirik. Çünki Azərbaycanda bu istiqamətdə heç bir araşdırma və təhlillər aparılmayıb. Nəinki Azərbaycanda, dünyanın əksər ölkələrində bu istiqamətdə hər bir ölkə əhalisi arasında neçə insanın, konkret neçə uşağın autizm spektrində pozuntusu olub-olmadığını dəqiq bilmir”.

Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir.

Autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir. Autizmin səbəbləri bəzi genetik xəstəliklər, doğuşdan əvvəl, doğuş zamanı və ya sonra meydana çıxan faktorlar, ana bətnində keçirilən qızılca ola bilər. Eyni zamanda autizm bir neçə faktorun mövcudluğu nəticəsində əmələ gəlir. Şöbə müdiri bildirir ki, dünya əhalisinin bir faizi autizm xəstəsidir. Bu da bütün pozuntulardan xeyli çoxdur. 

“Məsələn, Amerika, Qərb ölkələrində tədqiqatlar göstərir ki, son 20-30 il ərzində autizmi xəstəliyi olan insanların sayı kəskin şəkildə artmaqdadır. 2000-ci ildə düşünürdülər ki, hər 10 min insana yalnız 300-350 belə bir hal düşürdüsə, autizm spektr pozuntusu, 2016-2017-ci illərdə təhlillər göstərir ki, 68 uşaqdan birində bu xəstəlik yarana bilər. Yəni, bu görün necə böyük bir artımdır”.
2 aprel - Ümumdünya Autizm gününə həsr olunmuş dəyirmi masada da mütəxəssislər qeyd etdilər ki, Azərbaycan üçün bu problem yenidir və həlli yolları araşdırılır. Ümumdünya Səhiyyə Təşkilatı ilə aparılan danışıqlar nəticəsində autizmli insanlara psixoloji-tibbi yardımın genişləndirilməsi üçün tədbirlər planının hazırlanması nəzərdə tutulur. Digər ölkələrdə olduğu kimi, müəyyən əhali qrupları, müxtəlif yaşlarda olan uşaqlar arasında müayinələr, araşdırmalar aparılacaq. Onların əsasında xəstə uşaqları müəyyənləşəcək və ümumi əhalinin sayına vurularaq təxmini rəqəmlər məlum olacaq. 

“Növbəti mərhələlərdə pediatrlarımızın, nevropatoloqlarımızın və digər mütəxəssislərimizin bilik və bacarıqlarını və diqanostika imkanları artdıqca əlbəttə ki, artıq körpənin doğulduqdan bəzi hallarda 1 yaşında, əksər hallarda 2 yaşında, bəzən isə 3-4 yaşlarında bu uşaqlara diaqnoz qoyulduqda əlbəttə ki, bizdə daha dəqiq rəqəmlər olacaq”. 

Xəstəliyin qarşısının alınması istiqamətində ən mühüm məsələ uşağa ən azı 2 yaşında autizm diaqnozunun qoyulmasıdır. Əgər uşaqlara ən azı 2 aşında diaqnoz qoyularsa, bu zaman onların böyük əksəriyyətinin əlilliyi olmayacaq. Bundan başqa, xəstəlik tez zamanda aşkar olunarsa, onların gələcəkdə əqli və fiziki inkişaf geriliyi olmaz və normal insanlar kimi fəaliyyət göstərə bilərlər. 


Create Account



Log In Your Account