May 19 2020 15:29
Elshad Aliyev
Views: 45

Mayın 18-19-də baş tutmuş 73-cü Ümumdünya Səhiyyə Assambleyası dünyada mövcud COVID-19 pandemiyası şəraiti ilə əlaqədar videokonfrans formatında keçirildi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə, mütəşəkkillik və görüləcək fəaliyyətlərin müzakirəsi aparılıb. Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları Ümumdünya Səhiyyə Təşkilatına üzv olan 194 dövlətin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələrindən ibarət idi.

Sessiya zamanı səfir Keva Beyn (Baham adaları) Ümumdünya Səhiyyə Assambleyasının yeni prezidenti seçildi. Öz nitqində Assambleyanın sədri bildirdi: "Son 25 il ərzində biz ictimai səhiyyə sahəsində misilsiz nailiyyətlərin əsl qızıl dövrünü müşahidə edirik. Biz uşaq ölümünü 47 faiz, ana ölümü isə 45 faizə qədər azalda bildik. HİV, AİDS, malyariya və digər xəstəliklərin yayılmasına gəldikdə, burada da əhəmiyyətli nailiyyətlər müşahidə olunur. COVID-19 virusu yeni texnologiyaların yarandığı dövrdə ortaya çıxıb və indi yeni biliklər, innovasiyalar, çeviklik və düşünülmüş ölkələrarası qarşılıqlı əlaqələr tələb olunur. Bu böhranlı dövrlərdə ÜST-ün rolu hamımıza onu xatırladır ki, biz bir-birimizə bağlı olan və bir-birindən asılı olan dünyada yaşayırıq, burada rifah və sağlamlıq ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq, şərait və qərarlardan asılıdır. Bakterial və virus təhlükəsi çox tez yayılır, ÜST COVID-19 müqavimətini təmin etmək üçün ardıcıl və qətiyyətlə hərəkət etməlidir. Eyni zamanda, mandat çərçivəsində hərəkət etmək və milyonlarla insanın, xüsusilə də qeyri-infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərin sağ qalmasına təhlükə yaradan təhdidləri aradan qaldırmaq üçün balans yaratmaq lazımdır. Mən əminəm ki, biz bu gün yaşadığımız ağır reallıqların öhdəsindən gələ biləcəyik. COVID-19 pandemiyasından sonrakı vəziyyət bizə səmərəli hərəkət etməyə imkan verəcək, bunun üçün isə biz yeni həyat tərzinə keçid almalı, mövcud resurslarımızı yönləndirməli və maksimuma çatdırmalıyıq, həmçinin cəmiyyətlərimizin iqtisadi, psixoloji və fiziki rifahı arasında yeni tarazlıq yaratmalıyıq. Bəli, biz yaşlı vətəndaşlarımızı itirmişik və ona görə də sağ qalanlarını müdafiə etmək üçün daha çox səy göstərməliyik".

Sessiya zamanı Azərbaycan Respublikasının Səhiyyə naziri, professor Oqtay Şirəliyev öz çıxışında bildirdi: "Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib ki, bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3274 yoluxma halı qeydə alınıb, onlardan 2015-i sağalıb, ölüm halları isə 1,2 faiz təşkil edib. Prezident İlham Əliyev xalqa “Biz birlikdə güclüyük!” çağırışı ilə müraciət edib. Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".


Create Account



Log In Your Account