Nov 21 2019 12:12
Elshad Aliyev
Views: 39

Seul ABŞ qoşunlarının saxlanması xərclərini xeyli artırmasa, Vaşinqton bu ölkədəki 28 minlik hərbi kontingentini 4 min hərbçiyə qədər ixtisar etmək imkanlarını nəzərdən keçirəcək.

AZƏRTAC Cənubi Koreya mətbuatına istinadla xəbər verir ki, bu barədə Vaşinqtondakı diplomatik mənbə deyib. “Pentaqon danışıqların Prezident Donald Trampın istədiyi məcrada davam etməyəcəyi təqdirdə Cənubi Koreyadan bir briqadanı çıxaracaq”, - deyə mənbənin məlumatında bildirilir.

Cənubi Koreyada 28,5 minlik hərbi kontingentin saxlanılması Vaşinqtona təxminən ildə 5 milyard dollara başa gəlir. 2019-cu ildə imzalanan birillik müqaviləyə əsasən, Seulun müvafiq xərcləri 8,2 faiz artırılaraq 1,04 trilyon vona (915 milyon dollar) çatdırılıb.

Noyabrın 7-də Koreya Respublikasının birləşmə üzrə parlament komitəsinin rəhbəri Yun San Hön Vaşinqtonun Seula birgə müdafiə xərclərini demək olar ki, beş dəfə artıraraq 4,7 milyard dollara çatdırması barədə tələb irəli sürdüyünü bildirib. Həmçinin ABŞ Cənubi Koreyanın yarımada xaricində Amerika Silahlı Qüvvələrinin saxlanılması xərclərini artırmasında da israr edir.

Xatırladaq ki, ABŞ 1950-1953-cü illərdə baş verən Koreya müharibəsindən bəri Cənubi Koreyada qoşun saxlayır.


Create Account



Log In Your Account