Mar 02 2017 14:45
Ulviyye Sabirqizi
Views: 1357

“Gələcəyə Baxış: diplomatiya, biznes, ticarət, investisiya”. Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan ikitərəfli iqtisadi əlaqələri və diplomatik münasibətlərin 25 illiyinə həsr olunan illik konfrans belə adlanır.

Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycanla Birləşmiş Ştatların iqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində uğurlu əməkdaşlığına diqqət çəkib. Yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından artıq, ümumilikdə isə 200 milyard dollaradək investisiya yatırıb. Görülən işlərin nəticəsidir ki, Doing Business” hesabatına görə Azərbaycan biznesə başlamaq üçün dünyada ən yaxşı şərtlər təklif edən ilk 5 ölkədən biridir.

Elin Süleymanov, Azərbaycanın ABŞ-dakı səfiri: “Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə, MDB məkanında isə birinci yerdədir. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc edib. Bu göstərici üzrə Azərbaycan birinci və ikinci yerləri bölüşür. Bu illər ərzində Azərbaycan öz tərəfdaşları ilə birgə Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirib. Hazırda biz Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edirik”.

“ABŞ dövlət katibinin köməkçisi və beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifələrini icra edən səfir Meri Vorlik Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyib. Qeyd edib ki, iki ölkə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uzunmüddətli strateji əlaqələrə malikdir. ABŞ dövlət katibi Reks Tillerson “Cənub Qaz Dəhlizi” layihəsinə tam dəstək ifadə edir” – bunu isə ABŞ dövlət katibinin xüsusi elçisi Meri Uorlik deyib:

“Biz çox şadıq ki, Cənub qaz dəhliz mürəkkəb və irimiqyaslı layihə olmasına rəğmən, onun reallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Burada 6 ölkə, 3 beynəlxalq konsorsium və çoxlu maliyyələşmə mənbəyi birgə çalışır. Təbii ki, bu cür nəhəng miqyaslı bir layihə bizim qarşımızda müəyyən çağırışlar qoyur. ABŞ bu sahədə mövcud olan problemlərin mümkün həllini tapmaq üçün bütün tərəfdaşlarla birgə işləməyə davam edəcək. Birgə çalışmaqla biz qarşıya qoyulan məqsədə 2020-2021-ci illərdə çatarıq və Avropaya yeni mənbədən ilk mavi yanacaq daxil olar”.

Tədbirdə çıxış edənlər Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini vurğulayaraq, son dövrlər iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı sahəsində aparılan islahatları yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycanda ABŞ şirkətləri üçün əlverişli biznes mühiti mövcuddur. ABŞ Azərbaycan iqtisadiyyatının modernizasiyası və diversifikasiyasına dəstək verməyə hazırdır.

Konfransda Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olub. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və regiona sabitlik və rifah gətirəcək. Konfrans plenar sessiyalar üzrə davam edib. “Yeni regional enerji xəritəsi” adlı sessiyada SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov və BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək, hazırda dünyada reallaşmaqda olan ən böyük enerji infrastrukturu layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, layihə regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına da təsir edir. əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verir. Konfrans çərçivəsində təşkil edilən “Bank və maliyyə”, “Azərbaycanda biznes mühiti və həyata keçirilən iqtisadi islahatlar”, “Dövlət-özəl sektor tərəfdaşlığı” və “Qeyri-neft sektorunda investisiya imkanları” mövzusunda müzakirələrdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilmiş strateji yol xəritələri haqqında geniş məlumat verilib. qeyri-neft sektorunda həyata keçirilən investisiya layihələri təqdim edilib, özəlləşdirmə və ixracın stimullaşdırılması sahəsində görülən tədbirlərdən danışılıb.

Konfrans bu gün qapalı biznes görüşləri formatinda davam edir.

 


Create Account



Log In Your Account