Mar 12 2020 11:56
Elshad Aliyev
Views: 62

ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan və Yuta ştatında yerləşən Sutherland İnstitutunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr edilmiş geniş tədbir keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, baş konsulluq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ölkəmizin müxtəlif dini icmalarının və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatına səfəri çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə açan Sutherland İnstitutunun prezidenti Rik Larsen (Rick Larsen) hər kəsi bu önəmli tədbirdə görməkdən məmnun olduğunu bildirib.

Sonra çıxış edən Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou (Ed Rowe) Azərbaycanın müxtəlif dini icmalarının və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatında ilk dəfə səfərdə olduğunu vurğulayaraq, bunu tarixi səfər adlandırıb. O, 20 il əvvəl Azərbaycanda yaşadığını və xalqımızın mədəniyyətinə heyran olduğunu vurğulayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev respublikamızın bu gün dinlərarası harmoniya və qarşılıqlı anlaşma üzrə bütün dünyaya örnək bir ölkə olduğunu qeyd edərək, ölkəmizdə insanların bir-birilərinin inanclarına hörmətlə yanaşdığını, bu müxtəlifliyi qəbul etdiyini və alqışladığını bildirib.

Daha sonra panel müzakirələr keçirilib.

BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev müzakirələrdə çıxış edərək, Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat veriblər. Onlar Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıblar.

Sonda panel iştirakçıları qonaqların çoxsaylı suallarını cavablandırıblar.


Create Account



Log In Your Account