Dec 11 2019 12:31
Elshad Aliyev
Views: 139

Dekabrın 10-da Nümayəndələr Palatasındakı Demokratlar Prezident Donald Trampı iki maddə üzrə- hakimiyyət səlahiyyətini aşmaqda və Konqres tərəfindən aparılan təhqiqata mane olmaqda ittiham edərək, ona impiçment elan ediblər.

AZƏRTAC xəbər verir ki, Palatanın məhkəmə komitəsinin sədri Cerrold Nadler Konqresin binasında rəsmi ittihamı elan edib. Onunla birlikdə Nümayəndələr Palatasının sədri Nensi Pelosi, Nümayəndələr Palatasının müvafiq komitələrinin sədrləri Adam Şiff, Maksin Uoters, Kerolin Melouni, Riçard Nil və Eliot Engel də olublar.

Nadler öz çıxışında bildirib ki, Tramp “xidməti vəzifələrini yerinə yetirərkən içdiyi andı pozub” və ABŞ Konstitusiyasına müvafiq olaraq Nümayəndələr Palatası tərəfindən ona “ağır cinayətlər və pozuntular” barəsində ittiham irəli sürülüb.

ABŞ Prezidentinin “özünü ölkənin mənafeyindən yuxarıda gördüyünü” deyən Nadler əlavə edib ki, onun Ukraynadan “siyasi xidmətlər” almaq cəhdləri və davam edən istintaqla əməkdaşlıq etməkdən imtina etməsi Nümayəndələr Palatasına başqa seçim imkanı verməyib və konqresmenləri impiçmentə əl atmağa məcbur edib.

Məhkəmə komitəsi gələn həftə Nümayəndələr Palatasında keçiriləcək ümumi səsvermənin yekun mərhələsindən əvvəl cümə axşamı hər iki maddə üzrə səsvermə keçirəcək və Trampın ABŞ tarixində impiçmentə məruz qalan üçüncü Prezident olması məsələsini həll edəcək. Bundan əvvəl iki dövlət başçısı - Endryu Conson və Bill Klinton haqqında impiçment qərarı verilsə də, Senat onları məhkum etməyib.


Create Account



Log In Your Account