Apr 17 2021 10:36
Elshad Aliyev
Views: 131

ABŞ Prezidenti Co Bayden başda Baş nazir Yoşihide Suqa olmaqla Yaponiya hökumətinin pandemiyaya görə təxirə salınan Tokio Olimpiadasını cari ildə təhlükəsiz formada təşkili cəhdlərini dəstəkləyir.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ və Yaponiya liderlərinin aprelin 16-da Vaşinqtonda baş tutan görüşündən sonra qəbul edilən birgə bəyanatda bildirilir.

“Prezident Co Bayden Baş nazir Yoşihide Suqanın cari yayda təhlükəsiz və qorunan Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə istiqamətlənmiş cəhdlərini dəstəkləyir”, - deyə birgə bəyanatda qeyd edilir.

Sənəddə vurğulanır ki, hər iki ölkənin liderləri ABŞ və Yaponiya atletlərinin koronavirusla əlaqədar yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, ciddi-cəhdlə yarışlara hazırlaşmasını xüsusi qürur hissi ilə qeyd edirlər.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 8-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışlar bir il müddətinə təxirə salınıb. Tokio Yay Olimpiya Oyunlarının cari il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Bu ərəfədə, aprelin 16-da Oyunların təşkilat komitəsinin sədri Seyko Haşimoto yarışların təxirə salınması variantının müzakirə olunmadığını bəyan edib.


Create Account



Log In Your Account