Feb 15 2017 14:00
Ulviyye Sabirqizi
Views: 1754

Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosu prezidentin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flini Rusiya səfiri ilə danışıqlar apardığına görə dindirib.  

Həmin danışıqlar Flinin istefaya getməsi ilə nəticələnib. FTB-yə verdiyi ifadələrin yalan olması müəyyən ediləcəyi təqdirdə o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Qeyd edək ki, sabiq müşavir bazar ertəsi axşam saatlarında istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.  

Bundan əvvəl bildirilmişdi ki, Flin 2016-cı ilin dekabrında Sergey Kislyakla Rusiyaya qarşı tətbiq olunan sanksiyaları müzakirə edib. Trampın komandası o zaman bu məlumatları təkzib etmişdi.  

Ağ Evin sözçüsü Şon Spayser keçirdiyi brifinqdə bir daha bildirib ki, prezident Donald Tramp milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinə Rusiya səfiri Sergey Kislyakla sanksiyaların uzadılması məsələsinin müzakirə olunmasına dair heç bir göstəriş verməyib. Onun sözlərinə görə, Trampın artıq Flinə olan etibarı itsə də, onun hərəkətlərini qanun pozuntusu kimi qəbul etmir. Donald Tramp bundan əvvəl Maykl Flinin istefasına səbəb olmuş məxfi məlumatların mətbuata sızdırılmasından narazılıq ifadə edib.  

Şon Spayser bildirib ki, Birləşmiş Ştatların Rusiyaya qarşı sanksiyalarla bağlı indiki strategiyası dəyişməz qalır:

“Prezident Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir. Bununla yanaşı, İŞİD də daxil olmaqla, bir çox problemləri həll etmək üçün Tramp, əvvəlki administrasiyadan fərqli olaraq,  Rusiya ilə münasibətlərin yoluna düşməsini istəyir”.    

Amerika Birləşmiş Ştatları Rusiya münasibətləri dövlət katibi Reks Tillersonun xarici işlər naziri Sergey Lavrovla görüşündə müzakirə olunacaq. Görüşün Almaniyanın Bonn şəhərində keçirilməsi planlaşdırılır.

 


Create Account



Log In Your Account