May 20 2020 11:52
Elshad Aliyev
Views: 61

Dünya bazarında artıq neft həcmlərinin olması fonunda ABŞ şirkətləri hələ də "qara qızıl"ın saxlanılması üçün imkanların axtarışını davam etdirir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu dolayısı yolla neft saxlama anbarları kimi istifadə edilməsi üçün sifariş edilmiş ən azı dörd supertankerin ölkənin sahillərinə doğru hərəkət etməsi ilə bağlı yayılan məlumatlar təsdiqləyir.

"Argus"un məlumatına əsasən, tankerlər 9-12 ay müddətinə icarəyə götürülüb (ortalama gündəlik saxlama tarifi 90 min ABŞ dolları).

Lakin onu da qeyd etmək lazımdır ki, son vaxtlar neft "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması fonunda bazardakı vəziyyət bir qədər yaxşılaşıb – tələbat artmağa, təklif isə azalmağa başlayıb. Bununla bağlı üzən tankerlərin kirayə qiymətlərində kəskin azalma baş verib.

Bunu dünən gecə yayımlanan Amerika Neft İnstitutunun ABŞ-da kommersiya neft ehtiyatlarının azalması barəsində yaydığı məlumat da təsdiqləyir.

Xatırladaq ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.


Create Account



Log In Your Account