Feb 16 2017 10:25
Ulviyye Sabirqizi
Views: 1489

Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimovun bu gün Bakıda görüşü planlaşdırılır.

Pentaqonun mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında hərbi sahədə münasibətlərin indiki vəziyyəti müzakirə olunacaq, müxtəlif spektrli məsələlər nəzərdən keçiriləcək. Konkret olaraq tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya və Birləşmiş Ştatlar hərbçiləri arasında Suriya hava məkanında insidentlərin qarşısının alınması üzrə birbaşa xətt var. Tərəflər bu mexanizmin effektiv işlədiyini bildirirlər.

Rusiya Müdafiə Nazirliyi də Baş Qərargah rəislərinin Bakı görüşü ilə bağlı açıqlama yayıb. Bildirilib ki, razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və Amerika Birləşmiş Ştatları arasında hərbi qarşılıqlı fəaliyyətin indiki vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir.

Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

 


Create Account



Log In Your Account