Apr 26 2019 16:24
Ferah Sabirqizi
Views: 419

Bir neçə gündən sonra ali məktəblərə qəbul imtahanları başlayır. 20 ildən sonra ilk dəfə olaraq test üsulu ilə qəbul imtahanları fərqli formatda təşkil olunur. Bu da builki məzunları daha artıq narahatlıq keçirməyə məcbur edir.

Sirr deyil ki, abituriyentlərin ən böyük problemi və biliklərini tam şəkildə ortaya qoymalarına mane olan məqam isə imtahan həyəcanıdır. Bununla bağlı Parlament (Tərəfsiz) Jurnalistləri İctimai Birliyi imtahan öncəsi abituriyentlərin  online psixoloji yardım almasına imkan yaradan layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verəcək abituriyentlər üçün təhsil saytında onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində builki məzunlara yardım göstəriləcək.

Layihənin məqsədi ali məktəbə hazırlaşanlara psixoloji yardımın göstərilməsini, mənəvi baxımdan imtahanlara, onları qarşıda gözləyən sınaqlara  hazırlaşmaqda köməklik göstərilməsini təmin etməkdən ibarətdir. Çünki abituriyentlərə psixoloji dəstəyin vacib olması ekspertlər tərəfindən də vurğulanır. Qeyd olunur ki, abituriyentlərin imtahana hazırlığı ilə yanaşı, psixoloji baxımdan da hazırlığı aparılmalıdır. Lakin Azərbaycanda uşaqlarını imtahanlara hazırlaşdıran valideynlərin xərcləri ağır olduğundan, kifayət qədər bahalı xidmət olan psixoloq yardımından istifadə etmirlər. Yəni, psixoloji yardım heç də hamı üçün əlçatan olmur.

Layihə çərçivəsində AzEdu.az təhsil saytı üzərindən onlayn xidmət formasında psixoloji yardım xidməti təşkil olunacaq. Bu məqsədlə saytda “Psixoloq məsləhəti” bölməsi yaradılıb. Burada sayt istifadəçilərinin sualları və onlara cavablar yerləşdiriləcək. Bundan əlavə, psixoloqla abituriyentlər üçün ən mühüm məsləhətləri özündə əks etdirən video müsahibə də hazırlanaraq saytda dərc olunacaq. Həmçinin, imtahan ərəfəsindəki aylar boyunca yeni tip qəbul imtahanlarındakı dəyişikliklər, gözlənilən yeniliklər, abituriyentlərin narahat edən məsələlər barədə silsilə yazı və müsahibələrin dərci nəzərdə tutulub.  


Create Account



Log In Your Account