Dec 29 2019 13:46
Elshad Aliyev
Views: 156

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bir qrupuna fərdi yaşayış evləri təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yuxarı Qiyaməddinli, Aran, Şahsevən Təzəkənd, Kürdlər, Hacıbədəlli kəndlərində keçirilən mərasimlərdə çıxış edənlər, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlar üçün indiyədək rayonda 16, 24 və 36 mənzilli yaşayış binaları, həmçinin 35 fərdi ev istifadəyə verilib. 2019-cu ildə isə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 20 fərdi ev inşa edilib.

Yeni fərdi yaşayış evi ilə təmin olunan müharibə əlilləri və şəhid ailələrinin üzvləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, bayram ərəfəsində yeni mənzillə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olublar.


Create Account



Log In Your Account