Mar 05 2020 11:03
Elshad Aliyev
Views: 36

Cari ildə Ağdam rayonunda 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində yenidənqurma işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 kilometr olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yoludur. Yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolu uzun illər istismar olunduğundan və təmirarası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub. Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrinin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədilə hazırlanmış layihəyə uyğun olaraq yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 150 min kvadratmetrdir.

Tikinti norma və standartlarına uyğun olaraq hazırda yolboyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür. Layihə çərçivəsində yolboyu yol əsasın alt layının karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin də eyni materialla təmiri nəzərdə tutulur. Bundan sonra 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihədə nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır.


Create Account



Log In Your Account