Dec 20 2019 10:38
Elshad Aliyev
Views: 139

Ağdam rayonunda dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib.

119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dairə üzrə 14 bələdiyyəyə ümumilikdə 134 üzv seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 377 nəfərdir. Onlardan 134 nəfəri Yeni Azərbaycan Partiyasını, 4 nəfəri Ana Vətən Partiyasını, 2 nəfəri Sosial Rifah Partiyasını təmsil edir. 237 nəfərin namizədliyi öz təşəbbüsləri ilə irəli sürülüb. Seçki prosesini 405 müşahidəçi izləyəcək.

Dairənin tərkibinə daxil olan 39 seçki məntəqəsi üzrə 31 min 063 seçici qeydə alınıb. Seçicilərdən 637 nəfəri ilk dəfə səs verən gənclərdir. Seçicilərin 1294 nəfəri 80-100 yaş arasında, 2 seçicinin yaşı isə 100-dən artıqdır.

Bələdiyyə seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki məntəqələrinin hamısında cari təmir işləri aparılıb. Bütün məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə treninq və ixtisaslaşdırılmış kurslar keçirilib. Əhalinin seçkilərdə fəal iştirakının təmin olunması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış seçkilərə çağırış plakatları əhalinin gediş-gəliş yerlərində asılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatdırılıb.


Create Account



Log In Your Account