May 29 2021 14:17
Elshad Aliyev
Views: 177

Azərbaycan digər ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri getdikcə daha da dərinləşdirmiş, habelə qurulan uğurlu diplomatik münasibətlər nəticəsində ölkəmizin beynəlxalq aləmdə əhəmiyyəti daha da artmışdır.

Diplomatik müstəvidə atılmış uğurlu addımlar nəticəsində Azərbaycan təkcə regionun lideri olmaqla kifayətlənməmiş, eləcə də artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Dünyanın 120-dən çox ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq təşkilatlarda göstərdiyi qətiyyətli mövqe nəticəsində böyük dövlətlər Azərbaycanla artıq daha sıx tərəfdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Bu gün ölkəmizin tərəfdaşları ABŞ, Çin kimi superdövlətlərlə yanaşı, inkişaf etmiş və söz sahibi olan dünya ölkələridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

A.Əliyev, eyni zamanda, bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində həm müharibə, həm də diplomatik müstəvidə aparılan uğurlu işlər, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində Vətən müharibəsində Ermənistanı məğlub edərək sülh sazişi imzalamağı məcbur etdik. Ermənistanın baş naziri kapitulyasiyanı imzalayaraq məğlubiyyətlərini qəbul etdi. Vətən müharibəsində Ordumuz dayanmadan qətiyyətlə irəlilədi və hər gün yeni ərazilərimizi işğaldan azad edərək xalqımızı sevindirdi. Hərbi qulluqçularımızın istifadə etdiyi taktika, hücum əməliyyatları dünyanın aparıcı ali hərbi təhsil müəssisələrində öyrənilir və nümunə göstərilir.

“Vətən müharibəsi yalnız Ermənistan üzərində Qələbəmiz deyildi, Ermənistanın havadarları da daxil olmaqla ölkəmizin qüdrətinin dünyaya təzahürü idi. İkinci Qarabağ müharibəsindən sonra artıq dünya başa düşdü ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir”, - deyən Milli Məclis sədrinin müavini vurğulayıb ki, hər kəs güclü və qətiyyətli dövlətlə sıx münasibətlər saxlamağın tərəfindədir. Ölkəmizin müharibədə göstərdiyi qətiyyətlə mövqe ilə yanaşı, Ermənistandan fərqli olaraq, humanitar hüququn tələblərini pozmaması, müharibəni qəbul edilmiş hüquq normaları çərçivəsində aparması, nəticədə Ermənistandakı mülki əhaliyə ziyan vurmaması onun nüfuzunu daha artırdı. Belə ki, Ermənistanın azərbaycanlı mülki əhalini dəfələrlə hədəfə almasına baxmayaraq, Ermənistan tərəfində mülki vətəndaşların itkisi xeyli az oldu. Lakin Ermənistan törətdiyi soyqırımlarda olduğu kimi, müharibədə də növbəti dəfə cinayətlər törətdi və dünyada onsuz da olmayan nüfuzunu birdəfəlik məhv etdi.

Deputat diqqətə çatdırıb ki, indi hamı qüdrət sahibi olan dövlətlə daha yaxından əməkdaşlıq qurmağa cəhd edir. Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə dövlətimizin başçısına 60-dan çox ölkə rəhbərinin məktub ünvanlaması Azərbaycanın nüfuzunun müjdəçisidir. Hər bir ölkə rəhbəri göndərdiyi təbrik məktubunda Azərbaycanı layiqli tərəfdaş kimi qiymətləndirib, habelə əməkdaşlığın və dostluğun daha da dərinləşməsinə hazır olduqlarını bildirib.

Adil Əliyev deyib ki, xüsusilə Azərbaycanın terrora, faşizmə qarşı mübarizədə tutduğu qətiyyətli mövqe dünyada nüfuzumuzudaha da gücləndirir. Dövlətimizin başçısının Ağdam rayonuna, habelə daha əvvəllər işğaldan azad edilmiş digər rayonlara səfərləri Ermənistanın törətdiyi vandalizm aktlarının, ekoloji terrorun dünyaya göstərilməsi üçün mühüm əhəmiyyət daşıyır. Təkcə bu səfər zamanı Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu, İmarət kompleksinin bərpası, meşə zolağının salınması işlərinə başlandı. Eyni zamanda, beynəlxalq ictimaiyyət bir daha gördü ki, Ermənistan 30 illik işğalı dövründə ərazilərimizdə hər şeyi məhv edib və talayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmi dövlət siyasəti səviyyəsində apardığını, faşizm rejiminin təsirləri nəticəsində tarixi abidələrin talan edilməsini, dağıdılmasını, meşələrin yandırılmasını, eləcə də regionda sülhün, təhlükəsizliyin qarşısında əngəl olduğunu bir daha gördü.

“Ermənistanın müharibədə məğlubiyyəti, bu vaxtadək aparmış olduğu işğal siyasəti, habelə faşizm rejimi və törətdikləri digər əməllər onun tənəzzülünü sürətləndirib. Bu gün böhran içində olan Ermənistan rəhbərliyi yalnız bir-birini günahlandırmaqla təsəlli tapır, başa düşmür ki, günah hamısındadır. Azərbaycan güclü, qüdrətli olmasına baxmayaraq, münaqişənin hər zaman sülh yolu ilə həllinin tərəfdarı idi, lakin Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi. Nəticə isə onlar üçün çox ağır oldu. Ermənistan yaşadıqlarından dərs çıxarmalı, bir daha hər hansı təxribat fikrinə düşməməlidir”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

 


Create Account



Log In Your Account