Jul 07 2018 12:10
Ferah Sabirqizi
Views: 148

Bu gün Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür.

Ağdərə 7 iyul 1993-cü ildə ermənilər tərəfindən zəbt edilib. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını dəfələrlə dəyişiblər. 1923-cu ildə Cerabert, 1930-cu ildə isə Mardakert kimi rəsmiləşdiriblər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə - Ağdərə adlandırılıb. Şəhər 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilib. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb.

Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, müharibənin başlanğıcında Ağdərə də erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir.

Lakin 1993-cü ildə Azərbaycanda  yaranmış siyasi gərginlikdən məharətlə istifadə edən Ermənistan Ağdərə şəhərini yenidən işğal edir.Ağdərə daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları ilə zəngin olub. Şəhərin qədim memarlıq abidələri və körpüləri, müqəddəs ziyarətgahı olan Ulduztəpə piri, eləcə də Sərsəng su anbarı da düşmən tapdağındadır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Ermənistan və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejim ötən 25 il ərzində Ağdərinin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməllər həyata keçirir. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyir ki, ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə və vəhşicəsinə talan edilir. İşğal altında qalan Sərsəng su anbarının texniki təhlükəsizliyinin təmin olunması üçün zəruri diqqət ayırmır və bu da nəticə etibarilə, Tərtər çayı boyunca yerləşən çoxsaylı Azərbaycan yaşayış məntəqələri üçün təhlükə yaradır.

“Sərsəng su anbarı, onun üzərində olan su elektrik stansiyası Ermənistan tərəfindən ekoloji və humanitar terror obyektinə çevrilib. Belə ki, Ağdərə regionun təbii resursları Ermənistan tərəfindən vəhşicəsinə istismar olunmaqla bərabər, həmçinin Sərsəng su anbarı da ekoloji terror məqsədləri ilə istifadə edilir. Ermənistan tərəfindən Sərsəng su anbarının qeyri-humanist bir şəkildə istifadə edilməsi cəhd göstərilməsi, beynəlxalq konvensiyaların, o cümlədən də sosial, iqtisadi və siyasi hüquqlar haqqında beynəlxalq haqqın, Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”.

Xarici İşlər Nazirliyinin rəsmisi deyir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində irəliləyişə nail olmaq üçün, ilk növbədə işğal faktı aradan qaldırılmalıdır.

“Bu mənada da BMT Təhlükəsizlik Şurasının qətnamələri tərəfindən tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz şəkildə çıxarılmalı və məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Və bu, münaqişənin həlli üçün fundamental bazanı təmin edə bilər. Ermənistan tərəfindən Azərbaycanın DQ və ətraf rayonları, o cümlədən də Ağdərəni işğal altında saxlamaqda davam etməsi, işğala əsaslanan status-kvonu davam etdirməsi çox ciddi fəsadlara yol aça bilər ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistan respublikasının üzərinə düşür”.

Nazirlik rəsmisi bildirir ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi münaqişənin həlli prosesinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.


Create Account



Log In Your Account