Mar 15 2017 11:38
Ulviyye Sabirqizi
Views: 1500

Martın 15-də Bakıda AFFA-nın XXIV konfransı işə başlayıb.

CBC xəbər verir ki, əvvəlcə ötən il ölkə futbolunda əldə olunan nailiyyətlərə dair videoçarx nümayiş etdirilib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə futbolun inkişafı və kütləviləşməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd edib ki, ötən il Azərbaycan U-17 Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib. Futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsinə uğurla başlayıb. “Qarabağ” və “Qəbələ” klubları avrokuboklarda azarkeşlərə xoş anlar yaşadıblar. Həmçinin “Avro-2020”nin bir neçə oyununa ev sahibliyi edəcək Bakının loqosu artıq təqdim olunub.

R.Abdullayev deyib ki, Bakının 2019-cu ildə UEFA Çempionlar Liqası və Avropa Liqası yarışlarının final oyununa ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb. Ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə təşkili istiqamətində böyük təcrübəsi var.

AFFA-nın baş katibi Elxan Məmmədov isə çıxışında danışılmış oyunların qarşısının alınması istiqamətində görülən işlər, uşaq futbolunun və idmanın bu növünün regionlarda inkişafı məsələlərindən danışıb.

AFFA-nın 2016-cı ildəki fəaliyyətinin maliyyə hesabatı da məlum olub. Xərclərin 19 milyon 592 min 502 manat olduğu açıqlanıb. Həmin pulların 8 milyon 263 min 473 manatı milli komandalara, 3 milyon 132 min manatı əmək haqqı və ezamiyyə xərclərinə, 2 milyon 115 min 780 manatı uşaq-gənclər futbolu və liqalarına, 1 milyon 521 min 782 manatı hakimlər və hakim-inspektorlar, 594 min 774 manatı DSMF-ya, 505 min 927 manatı təsərrüfat xərclərinə, 450 min 337 manatı oyunların təşkili sərf olunub.

Həmçinin, aviabilet və otel xərclərinə 280 min 511 manat, nəqliyyat xərclərinə 233 min 821 manat, kommunal və rabitə xərclərinə 227 min 197 manat, təhsilə 205 min 557 manat, daşınmaz əmlakın icarə haqqına 201 min 10 manat, Marketinq və Reklamlar Departamentinə 170 min 550 min manat, “Cross Culture” layihəsinə 103 min 932 manat, “Elit Məşq” layihəsinə 82 min 200 manat, Media Komitəsinə 88 min 673 manat, “Futbol Bakcell ilə” layihəsinə 18 min 943 manat, AVRO-2020-nin hazırlıq işlərinə 668 min 573 manat xərclənib.

Digər xərclərə isə 707 min 482 manat sərf olunub.

Qeyd edək ki, il ərzində qurumun büdcəsinə 23 milyon 971 min 739 manat daxil olub. Bunun 11 milyon 180 min, 400 manatı baş sponsor SOCAR-dan, məbləğin digər hissəsi isə atribut, bilet satışı, reklam, UEFA, FİFA-dan və sairdən əldə olunub.

 


Create Account



Log In Your Account