May 05 2020 12:43
Elshad Aliyev
Views: 64

Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Afrika mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Əlcəzairin dövlət informasiya agentliyi APS (“Algeria Press Service”) Azərbaycan Prezidentinin sədrlik etdiyi onlayn Zirvə görüşündə bu ölkənin Prezidenti Əbdülməcid Təbbunun iştirakı ilə bağlı xəbər yerləşdirib. Xəbərdə qeyd olunub ki, dövlət başçısı bu cür mühüm tədbirin təşkilinə görə Hərəkata sədrlik edən Azərbaycan Prezidentinə təşəkkür edib. O, çıxışında pandemiya dövründə bütün münaqişələrin dayandırılması, Afrika ölkələrinə yardım göstərilməsi ilə bağlı çağırış edib.

Nigeriyanın “Nigerian Tribune” qəzeti də Zirvə görüşü haqqında geniş məqalə yayıb. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına geniş yer verilib. Dövlətimizin başçısının koronavirusla qlobal mübarizəyə 5 milyon dollar həcmində vəsait ayırdığı xüsusi olaraq vurğulanıb. Həmçinin Nigeriya Prezidenti Muhammadu Buharinin Zirvə görüşündə iştirak etdiyi qeyd olunub.

Cənubi Afrika Respublikasının (CAR) rəsmi “SAnews” informasiya agentliyinin yaydığı xəbərdə qeyd olunub ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş bu mühüm tədbir koronavirus pandemiyası ilə qlobal mübarizə kontekstində olduqca əhəmiyyətlidir. Afrika İttifaqına sədrlik edən CAR-ın Prezidenti Siril Ramafozanın bu qitədə pandemiya ilə əlaqədar vəziyyətin təhlili və xəstəliyin qarşısının alınması ilə bağlı təklifləri oxucuların diqqətinə çatdırılıb.

 


Create Account



Log In Your Account