Apr 14 2021 17:05
Elshad Aliyev
Views: 151

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminarda böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Ağıllı şəhər” konsepsiyası: mövcud vəziyyəti, tətbiq sahələri və problemləri” mövzusunda məruzəsini təqdim edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

M.Həşimov BMT-nin 2016-cı ildə apardığı araşdırmaların nəticələrini diqqətə çatdırıb. Bildirib ki, bu tədqiqatların nəticələrinə görə, dünya əhalisinin 54 faizi şəhərlərdə məskunlaşıb. 2030-cu ilədək dünya əhalisinin 60 faizinin, 2050-ci ilədək isə 70 faizinin müasir şəhərlərdə məskunlaşacağı proqnozlaşdırılır. Şəhərlərin sürətlə böyüməsi müvafiq mühitdə yaşamaqla əlaqəli bir çox problemi – ictimai təhlükəsizlik, nəqliyyatın idarə olunması və s. məsələləri daha da çətinləşdirir.

Məruzəçi urbanizasiyanın qarşısını almağın mümkün olmayacağını, bu vəziyyətdə yeganə çıxış yolunun “ağıllı şəhər”lər ola biləcəyini vurğulayıb. Bildirib ki, “ağıllı şəhər”in infrastrukturu yüksək texnologiyalar əsasında qurulur. Bu sistemin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. “Ağıllı şəhər” dedikdə real vaxtda qərarlarını bildirən məlumatları toplamaq üçün informasiya kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edən şəhər ərazisi nəzərdə tutulur,” - deyə o əlavə edib.

Məruzəçi qeyd edib ki, “ağıllı şəhər”in digər tərkib hissəsi ağıllı insanlar hesab edilir. Ağıllı insanlar dedikdə həyatın və karyeranın bütün mərhələlərində şəhər sakinlərinin səriştə və vərdişlərini davamlı şəkildə inkişaf etdirərək keyfiyyətli insan kapitalının yetişdirilməsi nəzərdə tutulur.

Daha sonra məruzəçi “ağıllı şəhər”in komponentləri barədə məlumat verib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.


Create Account



Log In Your Account