Jul 10 2020 13:30
Elshad Aliyev
Views: 60

Akademik Diskussiya Klubunun “Azərbaycanın arxeoloji və etnoqrafik materiallarında qadın kultu” mövzusuna həsr edilmiş növbəti vebinarı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, seminarın əsas mövzusu tarixdə ana xaqanlığının mövcudluğu və bunun əksini düşünən mülahizələrə dair arqumentlər ortaya qoyaraq, ikili yanaşmalara cavab axtarmaq olub. Vebinarda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova “Azərbaycanda qadın kultu və qadınla bağlı inanclar”, muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Aida İsmayılova “Qadın kultu, yoxsa matriarxat” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzəçilər iddiaların əsas qaynağı sayılan arxeoloji qazıntılardan əldə olunan artefaktların və etnoqrafik əsərlərin təhlili əsasında dişi fiqurları və onların semantikası haqqında araşdırmaları təqdim ediblər. Onlayn tədbirdə muzeyin Arxeologiya və Etnoqrafiya fondlarında mühafizə olunan qadın kultu və inancları ilə bağlı eksponatlardan ibarət təqdimat böyük marağa səbəb olub.

Vebinarda AMEA-nın Arxeologiya və Etnoqrafiya, Radiasiya Problemləri və A.A.Bakıxanov adına Tarix institutlarından, Milli Azərbaycan Tarixi Muzeyindən nümayəndələr iştirak ediblər.

Qeyd edək ki, Akademik Diskussiya Klubu AMEA-nın müxtəlif institutlarında çalışan, Gənc Alim və Mütəxəssislər Şurasının fəal üzvlərindən ibarətdir. Klubun əsas məqsədi Azərbaycanda arxeologiya, etnoqrafiya və antropologiya sahələrində çalışan gəncləri bir araya gətirərək, fəal elmi müzakirələrin aparıldığı bir platforma yaratmaqdır.


Create Account



Log In Your Account