Apr 26 2019 12:59
Ferah Sabirqizi
Views: 200

Bu gün Azərbaycan Tibb Universiteti (ATU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.

Azərbaycan Tibb Universitetində təşkil edilən tədbirdə bu ali təhsil ocağının rektoru, professor Gəray Gəraybəyli çıxış edərək bildirdi ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Rektorun sözlərinə görə, hər bir böyük ali tədris ocağı öz məzunları ilə məşhurlaşıb: “Bu nöqteyi-nəzərdən ATU-nun adını yüksəkliklərə qaldıran dünya şöhrətli məzunların arasında akademik Zərifə xanım Əliyevanın xüsusi yeri var. Zərifə xanımın elmi pedaqoji və həkimlik fəaliyyəti haqqında çox söz demək olar. Bir faktı xüsusi vurğulamaq istərdim ki, Zərifə xanımın istər elmi, istərsə də həkim kimi fəaliyyəti Tibb Universiteti ilə birbaşa bağlıdır. Zərifə xanım 1942-ci ildən 1947-ci ilə qədər burada təhsil alıb. Universiteti bitirdikdən sonra təbabətin ən incə sahələrindən olan oftalmologiya ixtisasına yiyələnmək üçün Moskvaya gedib. Moskvada təhsilini başa vurub Azərbaycana qayıdıb və burada geniş pedaqoji fəaliyyətlə məşğul olub. 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə edib”. 

Rektor G. Gəraybəyli akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs edib. Rektor bildirib ki, Zərifə Əliyeva müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. O, görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Zərifə xanım yaddaşlarda əsl ziyalı alim, mehriban və qayğıkeş ana kimi qalıb. 

Anım tədbirində ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur, kafedranın dosenti Solmaz Əliyeva, kafedranın rezidenti Fərid İskəndərov çıxış edərək Zərifə Əliyeva haqqında fikirlərini bölüşüblər.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov Z. Əliyevanın gözəl insan və istedadlı həkim olduğundan danışdı: “Bu gün bu tədbirdə iştirak etmək, həkimlərin qarşısında çıxış etmək çox təsirləndirir. Elə təəssürat yaranır ki, sanki Zərifə xanımın ruhu bizi görür. Çünki bura onun doğma məkanıdır”. A. Əsgərov Zərifə Əliyevanın keçdiyi ömür yolunun sonrakı nəsillər üçün misilsiz örnək olduğunu qeyd edib, alimin xalqımız qarşısında misilsiz xidmətlərini xatırladıb.

Tədbirdə Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş olunub. Daha sonra görmə qüsurlu uşaqlara eynəklər hədiyyə edilib. 

Anım tədbiri Bakı Musiqi Akademiyasının I kurs magistrı Orxan Cəlilovun ifası ilə davam edib.

 


Create Account



Log In Your Account