Jun 21 2019 14:27
Ferah Sabirqizi
Views: 145
Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə olaraq qalır. Bütün səylərə baxmayaraq Ermənistanın təcavüzünə son qoyulmaması Cənubi Qafqaz regionunda o cümlədən dünyada artan risklər və təhdidlərə ciddi təkan verir. Politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bu barədə Gəncədə AR Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forumda deyib. 
 
Forumda çıxış edən R.Qonaqovun sözlərinə görə, danışıqlar prosesini uzatmağa çalışaraq qeyri-konstruktiv mövqe sərgiləyən işğalçı Ermənistan beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymayaraq öz təcavüzkar siyasətini davam etdirir.
 
“Ermənistanın regionda təhdidi yalnız Azərbaycana deyil, Gürcüstana, Türkiyəyə, eləcə də İrana və Xəzəryanı ölkələrə var. Bu təhdidlər ondan ibarətdir ki, Ermənistan dünyada terrorçu dövlət kimi tanınır. ASALA terror təşkilatının törətdiyi cinayətlər, terrorlar hamıya bəllidir. Eyni zamanda, Azərbaycana qarşı işğal faktını nəzərə alsaq, Ermənistan təkcə Azərbaycan üçün deyil bütün dünya üçün təhlükə törədir”.
 
Forumda qeyd olunub ki, regionda davamlı sülhün və bütün xalqların rifahının təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Bildirilib ki, Ermənistanın separatizm siyasətinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyət daha qətiyyətli addımlar atılmalıdır. 
 
Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Beynəlxalq Təşkilatların rolu "mövzusunda məruzə edib. Millət vəkili bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır.
 
“1993-cü ildə BMT TŞ 4 qətnamə qəbul etdi. Bu qətnamələrdə Ermənistanın əraziləri dərhal boşaltmağı tələbi irəli sürüldü. O dövrdə dövlətlər Ermənistanı təcavüzkar kimi tanımadı. Məsələni ATƏM-in üzərinə buraxdı və məsələni danışıqlar, atəşkəs yolu ilə həllinə çağırdı”.
 
Sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Vəfa Abbasova Forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edərək, bu kimi beynəlxalq Forumların ölkədə və ölkə xaricində keçirilməsinin vacibliyindən danışıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Forumun əhəmiyyətindən bəhs edib. Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldərək Vəfa Abbasova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir.
 
Zəki Öztürk: “Azərbaycanın haqlı mövqeyini sonadək dəstəkləyəcəyik”
 
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mədəni irsinə, həm tarixi abidələrinə böyük zərbə vurulub. Məktəblər, təhsil ocaqları dağıdılıb, minlərlə ailə öz el-obalarından didərgin düşüb. Bir milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının həm ölkəmizə, həm də regiona mənfi təsirləri haqqında danışılıb. Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk bildirb ki, qardaş ölkə bu məsələdə Azərbaycanın ədalətli və haqlı mövqeyini sonadək dəstəkləməyə davam edəcək.
 
AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyir ki, Ermənistanın tarix boyu Azərbaycana qarşı apardığı məkrli siyasəti, terrora rəvac verən separatizm meylləri bölgədə təhlükəsizliyə ciddi zərər vurmaqdadır. Alim həmçinin qeyd edib ki, Erməni təcavüzü nəticəsində həm mədəni irsimizə, həm tarixi abidələrimizə, həm də təhsilimizə sağalmaz yara vurulmuşdur. Məktəblər, təhsil ocaqları dağıdılmış, minlərlə ailə öz el-obalarından didərgin düşmüş, təhsildən, elmdən uzaq düşmüşlər.
 
Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan terror siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib. Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır.
 
BMAM-ın eksperti Rəfail Becanov "Ermənistanın təcavüzkar siyasətinin təsiri və regionda insan hüquqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib. O, Ermənistanın işğalçılıq siyasətinin, hüquqa zidd əməllərinin fəsadlarına diqqəti yönəltdi. Bir milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının həm ölkəmizə, həm də regiona mənfi təsirindən danışan ekspert  Beynəlxalq təşkilatları bu məsələdə həssas və ədalətli qərarlar qəbul etməyə çağırıb.
 
Gəncə Dövlət Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov "Erməni terrorçuluğu və Cənubi Qafqaza təhdid" mövzusunda məruzə etmişdir. Alim Ermənistanın Cənubi Qafqazda  xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan terror siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib. Asim Məmmədov həmçinin qeyd edib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır.
 
Yekun məruzə ilə çıxış edən BMAM-ın eksperti Ramin Səmədov "Erməni yalanının dünyada ifşası istiqamətində Azərbaycanın uğurlu xarici siyasəti" mövzusunda məruzəsində diqqəti Azərbaycanın uğurlu xarici siyasətinə yönəldərək, işğala məruz qalmış Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan məqsədyönlü və düşünülmüş xarici siyasətin müsbət nəticələrini Forum iştirakçılarının diqqətinə çatdırıb. 
 
"Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forumda ictimaiyyət nümayəndələri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar və tələbələr iştirak edib. Forumda məruzələr ətrafında çıxışlar olub. 
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur. 

Create Account



Log In Your Account