Apr 27 2020 16:54
Elshad Aliyev
Views: 287

Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") üzv şirkətləri koronavirus pandemiyasının iqtisadi təsirini dəyərləndirib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, COVID-19-un biznes mühitinə ilkin iqtisadi təsirini qiymətləndirmək üçün üzv şirkətləri arasında qısa sorğu keçirilib. AHK üzvlərinin böyük əksəriyyəti pandemiyanın və müvafiq qabaqlayıcı və nəzarət tədbirlərinin öz bizneslərinə kritik və ya orta təsirini hiss etdiklərini qeyd edib. Təəccüblü deyil ki, bu təsir özünü tikinti, pərakəndə satış, turizm və qonaqpərvərlik kimi bəzi sahələrdə xüsusilə kəskin göstərir. Bu müşahidələr Alman-Azərbaycan Ticarət Palatasının aprel ayında 140 üzvü arasında keçirdiyi qısa sorğunun nəticələrinə əsaslanır.

Nəticələr onu göstərir ki, şirkətlər məhsul və xidmətlərə olan tələbatın kəskin şəkildə aşağı düşməsindən ciddi zərər çəkirlər. Koronavirusun yayılmasının birbaşa nəticəsi olaraq, AHK-nin hər üçüncü üzvü 2020-ci il üçün biznes fəaliyyətinin hədəfini azaltmağı planlaşdırır. Bu baxımdan şirkətlər dövlət dəstəyinə güvənmək niyyətindədirlər və sürətli iqtisadi bərpaya şərait yaratmaq üçün çevik siyasi müdaxilələrin vacib olduğuna inanırlar. Azərbaycan hökumətinin biznesə dəstək verməsi üçün tətbiq etməli olduğu ən vacib tədbirlər barədə suala cavab verən AHK üzvlərinin 70%-i vergi tətillərini və ya ödənişlərin təxirə salınmasını əsas şərt kimi qeyd edirlər.

Nisbətən zəif biznes gözləntilərinə və mümkün gələcək problemlərə baxmayaraq, sorğuda iştirak edən AHK üzvlərinin demək olar ki, yarısı bu il məşğulluq strategiyalarında ixtisarlar planlaşdırmırlar.

Xatırladaq ki, AHK üzvləri COVID-19-un ölkədə yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən atılan addımları dəstəklədiklərini və bununla əlaqədar iqtisadi bərpa üçün əsas fəaliyyət sahələrini müəyyənləşdirdiklərini bildirirlər.


Create Account



Log In Your Account