Feb 27 2020 13:28
Elshad Aliyev
Views: 43

Almaniyanın “nex24.news” saytında tədqiqatçı, Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xristian Yohannes Henrixin Xocalı soyqırımı barədə müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə almaniyalı tədqiqatçı Xocalı qırğınında insanların qətlə yetirilməsindən, doğma yurd-yuvalarından didərgin düşmək məcburiyyətində qalmalarından danışıb. Xristian Yohannes Henrix erməni diasporunun və daşnak veteranlarının Xocalı soyqırımında canfəşanlıqla iştirakını qeyd edərək diqqəti erməni vəhşiliklərinin tarixinə yönəldib. Misal olaraq, o, ASALA erməni terror təşkilatı tərəfindən həyata keçirilmiş terror aktlarını göstərib. O bildirib ki, 1990-cı ildə Liviyada müharibə başa çatdıqdan sonra çoxlu sayda erməni Ermənistana köçdü və onların bir çoxu məhz yuxarıda qeyd edilən erməni terrorçular idi. Bu terrorçular öz təcrübələrini istər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, istərsə də Ermənistanın daxilində qarşıdurmalarda istifadə etdilər.

Müsahibədə Xocalıda 613 nəfərin öldürüldüyü, onlardan 63-nün uşaq, 106-nın qadın, 70-nin isə qoca olduğu bildirilib. Səkkiz ailənin tamamilə məhv edildiyi və bundan əlavə, 1275 nəfərin əsir götürüldüyü, 155-dən çox insanın taleyinin isə indiyədək naməlum qaldığı diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalı faktını təsdiq edən və bu işğalın qəbuledilməz olduğunu özündə əks etdirən BMT qətnamələri və digər beynəlxalq regional təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdən söz açılıb.

 


Create Account



Log In Your Account