Apr 24 2020 18:00
Elshad Aliyev
Views: 145

Amerikalı alimlər müəyyən ediblər ki, COVID-19 virusu soyuq və quru havaya nisbətən isti və rütubətli iqlimə daha pis uyğunlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən mətbuat konfransında deyib.

“Biz hər gün düşmən haqqında daha çox şey öyrənirik. Daxili Təhlükəsizlik Nazirliyində olan alimlər virusun müxtəlif temperaturda, iqlimdə, səthlərdə özünü necə aparması barədə məruzə təqdim ediblər”, - deyə ABŞ prezidenti jurnalistlərə bildirib.

“Tədqiqatlar zamanı məlum olub ki, virus soyuq və quru havaya yaxşı, isti və rütubətli iqlimə isə pis uyğunlaşır”, - deyə Donald Tramp əlavə edib.

Nazirliyin alimi Bill Brayantın məlumatına əsasən, virusun ağız suyu damcısında səthdə 21-23 dərəcə istidə, 20 faiz rütubətli və günəşsiz havada yarımparçalanma müddəti 18 saat, eyni şəraitdə, lakin 80 faiz rütubətdə isə 6 saat təşkil edir. Bu proses 80 faiz rütubət, 35 dərəcə istidə 1 saata, 80 faiz rütubət, 21-23 dərəcə istidə və yay fəslində 2 dəqiqəyə qədər sürür.

Əgər viruslar havada aerozol hissəciklərində olsa, 20 faiz rütubət, 21-23 dərəcə istilikdə və günəş olmayan şəraitdə onların parçalanma dövrü 60 dəqiqə, eyni şəraitdə, lakin yayın günəşli havasında isə təxminən 1,5 dəqiqə olacaq.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin sözlərinə görə, bənzər tədqiqatların nəticələri koronavirusla mübarizə üzrə məhdudiyyət tədbirlərinin ləğvindən sonra mərhələli şəkildə normal həyata qayıtmanı düzgün planlaşdırmağa imkan verəcək.


Create Account



Log In Your Account