Nov 22 2019 12:02
Elshad Aliyev
Views: 61

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən təntənəli tədbirdə amerikalı diplomatlara Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr edilmiş medallar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə həsr olunmuş qala tədbirində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xarici İşlər naziri Elmar Məmmədyarovun adından ABŞ-ın ölkəmizdəki sabiq səfiri Robert Sekutaya və Dövlət Katibinin keçmiş köməkçisinin müavini, Bolqarıstanda səfir olmuş Erik Rubinə medalları təqdim edib.

Tədbirdə çıxış edən Elin Süleymanov Azərbaycan ilə ABŞ-ın strateji tərəfdaşlığına, ikitərəfli münasibətlərimizə və xalqlarımız arasındakı dostluğa töhfələrinə, eləcə də ölkəmizin təşəbbüsü ilə regionda keçirilən irimiqyaslı layihələrə dəstəklərinə görə amerikalı diplomatlara təşəkkürünü bildirib.

Öz növbəsində Robert Sekuta bu təltifə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, ölkəmizdəki fəaliyyət dövrünü böyük məmnunluq hissi ilə xatırlayıb. Azərbaycan mədəniyyətinə və xalqına heyran olduğunu, eləcə də ölkəmizlə ABŞ arasında tərəfdaşlığın gücləndirilməsi üçün hər zaman əlindən gələni əsirgəmədiyini bildirib.

Sonra çıxış edən Erik Rubin Azərbaycan tərəfinə minnətdarlığını bildirərək, bu medalın onun üçün böyük şərəf olduğunu qeyd edib. Sabiq səfir Azərbaycan ilə ABŞ arasında dostluq münasibətlərinin gücləndirilməsinə hər zaman önəm verdiyini və ölkəmizin regionda strateji əhəmiyyətini vurğulayıb. O, Bolqarıstanda səfir olarkən Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən enerji layihələri üzərində işləməyə davam edib, o cümlədən Bolqarıstan-Yunanıstan qaz kəmərinin ərsəyə gəlməsi üçün səylər göstərib.

Vaşinqtonun tarixi Hovard teatrında keçirilən möhtəşəm qala gecəsi Xəzər Siyasət Mərkəzi tərəfindən “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə təşkil olunan konfrans çərçivəsində baş tutub. Tədbirdə Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın birinci vitse-prezidenti Elşad Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyəti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ABŞ-ın dövlət qurumlarının və bu ölkədəki diplomatik korpusun nümayəndələri, həmçinin bu yaxınlarda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunmuş Azərbaycanın Nyu-Meksika ştatının Santa Fe şəhərindəki fəxri konsulu Art Makkafi iştirak ediblər.

Qala gecəsində azərbaycanlı pianoçular Nərgiz Əliyarova və Emil Əfrasiyabın ifasında Azərbaycan musiqisi səsləndirilib.

 


Create Account



Log In Your Account