Mar 12 2020 16:05
Elshad Aliyev
Views: 116

Martın 12-də saat 10:30-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərindəki Nəsimi parkı ərazisində 70-80 güllənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif çaplı 65 patron aşkarlanıb və zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Patronların tapıldığı yerin ətrafına baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1-dən martın 12-dək 65 çağırış əsasında ANAMA tərəfindən 60 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Əməliyyat çıxışları zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 5, tank əleyhinə 10 mina və müxtəlif çaplı 5674 patron zərərsizləşdirilib. Bu dövrdə ümumilikdə 40 min kvadratmetrə yaxın ərazi yoxlanılıb.

 


Create Account



Log In Your Account