Dec 19 2019 10:03
Elshad Aliyev
Views: 140

Azərbaycan Respublikasının İspaniya Krallığında, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov Andorraya səfəri çərçivəsində həmin ölkənin Xarici İşlər naziri Maria Ubaç Font və Turizm naziri Veronika Kanals ilə görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilərək, bu baxımdan siyasi məsləhətləşmələrin baş tutmasının vacibliyi vurğulanıb.

Son zamanlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, irimiqyaslı layihələr, bütün sahələrdə əldə olunan uğurlar barədə həmsöhbətlərinə ətraflı məlumat verən səfir A.Məhərrəmov Azərbaycanın bu gün regionun lider dövlətinə, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsini diqqətə çatdırıb.

Səfir A.Məhərrəmov tərəfindən andorralı nazirlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, Ermənistanın mütəmadi olaraq cəbhə xətti boyunca törətdiyi təxribat əməlləri, ümumiyyətlə Ermənistanın münaqişənin həlli üzrə tutduğu qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilib.

Andorra tərəfi münaqişənin sülh yolu ilə, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib, bu məsələdə tezliklə ədalətin bərqərar olacağına ümid etdiyini bildirib.

Görüşlərdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və bir sıra beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

Turizm, xüsusilə qış turizmi sahəsində Andorranın təcrübəsini və əldə etdiyi nailiyyətləri nəzərə alaraq, bu sahədə Azərbaycan ilə Andorra arasında mövcud olan əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Andorra tərəfi iki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirərək, Andorra şirkətlərinin Azərbaycanla əməkdaşlıqda, həmçinin ölkəmizə sərmayə yatırmaqda maraqlı olduğunu deyib.

Andorranın Turizm naziri Veronika Kanals vaxtilə Şahdağ zonasında qış turizminin infrastrukturunun yaradılmasında bilavasitə iştirak etdiyini, bu baxımdan ölkəmizi yaxından tanıdığını, turizm sahəsinin daha da inkişafı üçün ölkəmizdə münbit şəraitin və böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Andorra tərəfi 2020-ci ildə Knyazlıqda keçiriləcək İbero-Amerika ölkələrinin dövlət və hökumət başçılarının 27-ci zirvə görüşü ilə bağlı görülən hazırlıq işləri barədə məlumat verib, Andorra Hökumətinin tədbirin uğurlu keçməsi üçün ciddi hazırlıq işləri gördüyünü qeyd edib.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account