Feb 24 2020 15:30
Elshad Aliyev
Views: 81

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankara şəhərində “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil olunan konfransda diplomatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgiyə baxış olub.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransın məqsədi barədə ümumi məlumat verən TÜRKAZDER-in sədri Ənvər Türkoğlu çıxışında vurğulayıb ki, Xocalı soyqırımının dəhşətləri heç zaman unudulmayacaq.

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan, Azərbaycanın Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev, və qardaş ölkədə fəaliyyət göstərən Orta Doğu Teknik Universitetinin dosenti, siyasi elmlər doktoru Ayça Ergun konfransda çıxış ediblər.

Çıxışlarda Xocalı soyqırımı XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti insanlıq faciəsi kimi dəyərləndirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən, bəşəri faciənin tanıdılması ilə bağlı görülən işlərin nəticələrindən danışılıb.

Sinan Oğan bildirib ki, insani hisslərə ehtiram bəsləyən heç kəs Xocalı soyqırımının tanıdılması prosesindən kənarda qalmamalı, bu istiqamətdə əlindən gələni əsirgəməməli, erməni cinayətlərini ifşa etməkdən çəkinməməlidir.

 


Create Account



Log In Your Account