Jun 25 2019 10:32
Ferah Sabirqizi
Views: 1337

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası zamanı erməni deputatların təxribatının qarşısı alınıb. Komitədə “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə dair dinləmələr keçirilib. Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edib. O, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi qaçqın problemindən danışıb.

Lakin Ermənistandan olan deputat Naira Zohrabyan çıxışda səhv rəqəmlər səsləndiyini iddia edib. Əvəzində toplantının sədri ermənistanlı deputatı qəzəblənməməyə, təmkinini qorumağa çağırıb. O həmçinin Naira Zohrabyanı sual-cavab formatına riayət etməyə dəvət edib. Avropada öz ölkələrindən məcburi köçkün düşmüş insanların ehtiyacları və humanitar hüquqlarına dair hesabatın müəllifi Killion Munyama isə erməni deputata cavab olaraq Fuad Hüseynovun təqdim etdiyi rəqəmləri təsdiqləyib. O, Dağlıq Qarabağ və ona bitişik 7 rayondan məcburi köçkün düşmüş insanların sayının 600 min olduğunu bildirib.

“Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Avropa Şurasına üzv olanda düşünürdük, bu qurum işğalçı Ermənistana qarşı sanksiyalar qəbul edəcək və etməlidir. Ancaq heç nə olmadı”. Bu fikirləri AŞPA-nın yay sessiyasında "Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbul etmə prosesinin gücləndirilməsinə" dair müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib. O deyib ki, Avropa Şurası sanksiyalar qəbul etmək əvəzinə, Azərbaycan ilə Ermənistanı çağıraraq müzakirələr aparmağı, bu vəziyyətdən çıxmaq üçün həll yolları tapmağı, danışmağı məsləhət görür.

AŞPA-nın yay sessiyasında bu gün azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dinləmələr təşkil olunacaq.


Create Account



Log In Your Account