Jan 22 2019 10:24
Ferah Sabirqizi
Views: 201

Ermənistanda keçirilmiş parlament seçkiləri bu ölkədəki vəziyyətlə bağlı düşünmək və müzakirə aparmaq üçün ciddi əsaslar verir. Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib. Deyib ki, Assambleyada Ermənistandakı seçkilər və demokratiyanın vəziyyəti dəfələrlə müzakirə olunub, lakin çox nadir hallarda tənqidi fikirlər səsləndirilib. 

“Hətta bəzi deputatlar Ermənistanın keçmiş rəhbərliyini cidd-cəhdlə müdafiə ediblər. Amma nəhayət, Ermənistan əhalisinin mövqeyi üstün gəldi və bütün dünya Ermənistanda 20 il davam edən vəziyyəti gördü: Serj Sarkisyan hakimiyyəti ölkəni siyasi və iqtisadi böhran həddinə gətirib çıxarmışdı. Assambleyada alqışlarla qarşılanan Serj Sarkisyan azərbaycanlıların Xocalıdakı qətliamında iştirakını açıq şəkildə və fəxrlə elan edirdi. Artıq Ermənistan əhalisi cinayətkar rejimdən xilas olub və ümid edirik ki, yeni hökumət siyasətini öz xalqının maraqları əsasında quracaq”. 
Deputat qeyd edib ki, Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından və Azərbaycanla münasibətləri tamamilə normallaşmasından asılıdır. 

Azərbaycan nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov da məsələyə münasibətini bildirib. Deyib ki, Ermənistandakı parlament seçkilərində seçicilərin yarıdan azının iştirak etməsi əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir. Həm də seçkidə çoxsaylı saxtakarlıqlar, kütləvi qanun pozuntuları haqqında vətəndaşların özləri paylaşımlar ediblər. Amma iş orasındadır ki, Avropa Şurası Parlament Assambleyası bundan əvvəl Ermənistanda mövcud olmuş kriminal rejimin rəhbərlərini müdafiə edib. 

“Xalqın artıq rədd etmiş olduğu, Ermənistan dövləti tərəfindən cinayətkar elan edilən keçmiş prezidentlər də vaxtilə bu mötəbər salonda kürsüyə qalxıblar. Biz hər dəfə onlarla bağlı kəskin tənqidi fikirlərimizi bildirmişik, sənədlər hazırlamışıq. Lakin Avropa Şurasının Ermənistanda monitorinq aparan məruzəçiləri haray salan nöqsanları sanki görməmiş, ermənistanlı hüquq müdafiəçilərinin səslərini eşitməyiblər, hər dəfə  vəziyyətin yaxşı olduğunu deyiblər. Bəs indi necə olsun? Tarixi silib atmaq olmur axı! O deyilmiş sözlər, hazırlanmış hesabatların hamısı Avropa Şurası arxivində və bizim yaddaşlarımızda qalır”.

Rafael Hüseynov deyib ki, vaxtilə burada Ermənistanla əlaqədar müsbət hesabatlar təqdim edən, əsl həqiqətləri təhrif edən, cinayətkar rejimlərlə həmrəylik nümayiş etdirmiş şəxslər barədə mövqe ortaya qoyulmalıdır. Çünki bu, Avropa Şurasının nüfuzu məsələsidir. Avropa Şurası bu əməlləri törədənlərin adlarını çəkməli, bütün bunları nəyin xatirinə etmiş olduqları açıqlamalıdır.

Azərbaycanlı deputatlar AŞPA-nın sessiyası çərçivəsində keçirilən müxəlif iclaslarda çıxış ediblər. Sərbəst debatlarda çıxış edən Ülviyyə Ağayeva qadınların əmək bazarlarında iştirakını dəstəkləyən, ailə maraqlarına xidmət edən siyasət aparılmasının zəruriliyini vurğulayıb. Ən önəmli vəzifənin ailənin qorunub saxlanmasından ibarət olduğunu deyən deputat dünyadakı gender bərabərsizliyi, erkən nikah problemlərindən də danışıb. 

Rafael Hüseynov 20 Yanvar faciəsi haqqında AŞPA üzvlərinə bir daha məlumat verib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə ölkəmizlə Avropa Şurası arasındakı əməkdaşlığın perspektivlərindən söz açıb.  

 


Create Account



Log In Your Account