Mar 17 2021 17:02
Elshad Aliyev
Views: 155

Martın 17-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə Qoşqar Təhməzli son vaxtlar ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, görülən işlər, eyni zamanda qida təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qəbul olunan qərarlar barədə məlumat verib.

O, Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə toxunaraq iki ölkə arasında genişləndirilməsi nəzərdə tutulan təcrübə mübadiləsinin birgə əməkdaşlığa töhfə verəcəyini bildirib.

Görüşdə iki ölkə arasında qida məhsullarının idxal-ixracı əməliyyatları və Azərbaycandan Belarusa qida məhsullarının hazırkı ixrac imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini və bu sahədə müsbət nəticələrin əldə olunacağına ümid bəslədiyini diqqətə çatdırıb.

İki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə gələcəkdə imzalanması nəzərdə tutulan saziş layihəsinin hazırlanması və qarşılıqlı intensiv fəaliyyətin təmin olunması üçün işçi qrupun yaradılması ilə əlaqədar razılıq əldə olunub.


Create Account



Log In Your Account