Aug 09 2019 15:35
Ferah Sabirqizi
Views: 91

Qurban bayramı günlərində heyvan kəsiminin həyata keçiriləcəyi stasionar və çadır tipli kəsim məntəqələrində son tamamlama və hazırlıq işləri yekunlaşıb. Bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 50-dək jurnalistin iştirakı ilə heyvan kəsimi məntəqələrində infotur təşkil edilib.

İnfoturun keçirilməsində məqsəd bayrama hazırlıqların gedişatı, həmin günlərdə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində görülən işlər ilə bağlı jurnalistləri məlumatlandırmaqdır.

İnfotur çərçivəsində jurnalistlərə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Bildirilib ki, Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Agentliyin mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək.

Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.

Bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması istiqamətində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində vətəndaşların ixtiyarına veriləcək 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür.

Həmin kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.

Tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların təhlükəsizlik tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib, məntəqələrdə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda bayram günlərində media nümayəndələrinin də iştirakı ilə ictimai nəzarət tədbirlərinin gücləndirilməsi üçün birgə fəaliyyətin həyata keçirilməsi müzakirə olunub.

Prosesi izləyib mövcud vəziyyəti yerində qiymətləndirən media nümayəndələrinin sualları cavablandırılıb və əhalinin maarifləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə media nümayəndələri də vətəndaşlara müraciət ediblər.

Müraciətdə bildirilir ki, “Hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunan Qurban bayramı özündə milli-mənəvi həmrəyliyi, bərabərliyi, humanizm və qardaşlığı, xeyirxahlığı və mərhəmət duyğularını ehtiva edir. Müqəddəs bayram günündə insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlam mühitdə yerinə yetirmələri əhalinin sağlamlığı üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan Qurban bayramında insanların təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, küçə və yol kənarlarının, parkların və ictimai yerlərin təmizliyinin qorunması üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. Sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınmasına yol verilməməlidir. Eyni zamanda qurbanlıq heyvanlar kəsimdən əvvəl və sonra mütləq müvafiq baytarlıq müayinəsindən keçirilməlidir. Bu heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

Qurban bayramında heyvan kəsimi və satışını həyata keçirən şəxslərə bir daha müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadır tipli kəsim məntəqələrində həyata keçirməyə çağırırıq.

Gəlin unutmayaq ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir”.

Bir daha xalqımızı Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər bir azərbaycanlı ailəsinə əmin-amanlıq, ruzi-bərəkət arzulayırıq!”

Vətəndaşlar üçün respublika üzrə qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanlarının siyahısı da təqdim olunub.

http://afsa.gov.az/uploads/info/warning/s__yahi_pdf1565249960.pdf 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.  

 


Create Account



Log In Your Account