Jan 19 2018 14:00
Ferah Sabirqizi
Views: 1035

ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etməyə cəhd göstərir. Lakin bu cəhdlər münaqişənin nizamlanması üçün kifayət etmir.  ABŞ-ın Atlantik Şurasının baş eksperti Ariel Koen CBC-yə müsahibəsində belə deyib. Onun fikrincə, indiki durumda Rusiya və Birləşmiş Ştatlar arasındakı münasibətlərin soyuqlaşması da prosesə mənfi təsir göstərib.

“2002-ci ildə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxiləsi pik həddə çatmışdı. O vaxtkı baş katib Kolin Pauell münaqişənin nizamlanması üçün Azərbaycan və Ermənistan nümayədələrini Floridaya toplamışdı. Həmin vaxt Rusiya bu görüşün iştirakçısı olmamışdı. Bəlkə də ona görə bu görüş nəticəsiz qalmışdı. Rusiya tərəfindən də belə cəhdlər olub. Lakin Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən görüş də nəticəsiz qalmışdı. Rusiya həm Azərbaycan, həm də Ermənistanda daha güclü mövqelərə malik olsa da, bu cəhd də boşa çıxmışdı”.

Ekspert hesab edir ki, dünyada baş verən digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ məsələsi Amerika Birləşmiş Ştatları üçün öndə deyil. Vaşinqtonda Rusiya İlə ziddiyyətlər, Çinlə münasibətlər, İsrail-Fələstin qarşıdurması, Yərusəlimin paytaxt olması kimi məsələlərdən daha çox danışırlar. Erməni tərəfi isə yaranmış durumdan istifadə edir və münaqişənin daha çox uzanmasına çalışır.

“Azərbaycan münaqişənin sülh yoluyla nizamlanmasına çoxdan hazırdır. Amma erməni tərəfi isə sülhə hazır deyil. Onlar heç bunu gizlətmirlər də. Onlar müharibəni davam etdirmək istəyirlər, hətta buna görə insan itkisinə də razıdırlar”.

Ariel Koen bildirir ki, Dağlıq Qarabağ münaqişəsini digər konfliktlər, xüsusilə də Ukraynadakı problemlə müqayisə etmək düzgün deyil. Çünki Dağlqı Qarabağ münaqişəsi Klinton və Yeltsinin dövründən miras qalıb. Ukrayna isə yeni münaqişədir. Və hələlik Amerika Birləmiş Ştatları bu məsələyə də kifayət qədər həvəssiz yanaşırlar.

 

 

 


Create Account



Log In Your Account