Dec 02 2019 11:50
Elshad Aliyev
Views: 336

Yaponiyanın Tokio Universitet Muzeyində “Yaxın Şərqin keramikaya qədərki Neolit dövrü yonma və üyütmə daş alət sənayesi” mövzusunda IX beynəlxalq elmi konfrans keçirilib. Nüfuzunun miqyasına görə, konfrans keramikaya qədərki Neolit üzrə mötəbər elmi tədbir hesab edilərək, elmi ədəbiyyatda PPN9 (“Pre-Pottery Neolithic 9”) kimi də qeyd edilməkdədir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bir həftə davam edən konfransda Türkiyə, ABŞ, Rusiya, Fransa, Almaniya, İspaniya, Yunanıstan və digər ölkələrin arxeoloqları iştirak ediblər.

Konfransda ölkəmizi Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə təmsil edib.

Ə.Babazadənin elmi məruzəsi Cənubi Qafqazda Neolit dövrü daş alətlərin hazırlanmasında ən önəmli xammal olan obsidian (dəvəgözü) və çaxmaqdaşı yataqlarına, Kiçik Qafqazın Mezolit və Erkən Neolit dövrü Damcılı, Son Neolit kənd məskənlərindən olan Kültəpə 1, Hacı Ələmxanlı, Göytəpə və Menteştəpə kimi abidələrdə aparılan tədqiqatlara, daş alət analizlərin nəticələrinə həsr olunub. Damcılıda aparılan Azərbaycan-Yaponiya birgə arxeoloji araşdırmalarının nəticələri professor Yoşihiro Nişiaki, Azad Zeynalov və Mənsur Mənsurovun adından “Damcılı mağarasından Mezolit və Neolit dövrü laylı daş alətlər toplusu” mövzusunda məruzə Ə.Babazadə tərəfindən hazırlanaraq konfrans iştirakçılarına təqdim edilib.

Konfrans çərçivəsində eksperimental arxeoloji çalışma da həyata keçirilib. Daş alət üzrə mütəxəssislər obsidian və çaxmaqdaşından alət hazırlanma prosesini nümayiş etdiriblər.

Konfransın son günü Yaponiyanın Yamanaşi bölgəsinə, yaponların milli simvolu sayılan Fuci dağı ətrafına elmi ekskursiya təşkil olunub. Burada Yaponiyanın qədim mədəniyyətlərindən olan Jomon arxeoloji kompleksinin sərgiləndiyi Yamanaşi Prefekturası Arxeoloji Muzeyi ziyarət olunub.

Tədbirin Azərbaycan üçün xüsusi önəmi olan son iclasda konfrans komitəsi tərəfindən “Yaxın Şərqin Erkən Neolit yonma və üyütmə daş sənayesi” konfransının növbəti, sayca 10-cu toplantısı (PPN10) üçün təklif olunan üç şəhər arasında (Berlin və Kopenhagen) Bakının da adının göstərilməsidir.

Ə.Babazadənin sözlərinə görə, PPN10 konfransının Azərbaycanda təşkil ediləcəyi təqdirdə, ölkəmiz dünyanın aparıcı elm mərkəzləri olan şəhərləri sırasında təmsil olunmaq şansı əldə edir. Həmçinin konfransın Bakıda keçirilməsi respublikamızda daş alət texnologiyasının traseoloji metodlarla öyrənilməsinə təkan verə bilər. Bundan başqa, konfransın Bakıda təşkili Azərbaycan arxeologiyasının dünya arxeologiyası ilə inteqrasiyasını sürətləndirəcəkdir ki, bu da dünya arxeologiya elminin metod və texnikasının mənimsənilməsinə böyük töhfə verəcəkdir.

 


Create Account



Log In Your Account