Aug 22 2017 12:24
Naile Hesenova
Views: 42

Son iyirmi beş ildə İsrail dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib və möhkəmlənib. Avrasiyada heç bir ölkə İsrail ilə Azərbaycandan daha sıx və səmimi əlaqə saxlamır. İki ölkə arasında münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycanın əhalisinin əksəriyyəti müsəlmandır.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə avqustun 21-də İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail qarşılıqlı münasibətləri: xalqların səmimi dostluğu və ölkələrin strateji tərəfdaşlığı” sərlövhəli məqaləsində yazır.

Məqalə müəllifi vurğulayır ki, iki ölkə arasında münasibətlərin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar xüsusi rol oynayır. A.Qut yazır: “Mən tamamilə əminəm ki, Azərbaycan və yəhudi xalqları arasında insani münasibətlər, insanlıq körpüsü İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafında möhkəmlənməsində xüsusi, həyati əhəmiyyətli rol oynayır”.

Azərbaycanın və ya yəhudi icmalarının hüdudlarından kənarda Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində yəhudi icmasının mühüm, inteqrasiyaedici rolu barədə məlumatı olanlar çox deyil. “The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifi vurğulayır: “Məsələn 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi doktor Yevsey Gindes olub, AXC parlamentində yəhudi fraksiyalarının nümayəndələri təmsil olunub. AXC-nin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Kavkazskiy yevreyskiy byulleten” adlı jurnal, “Palestina” qəzeti, habelə “Molodyoj siona” adlı jurnal buraxırdı. Bundan əlavə, Sovet hakimiyyəti dövründə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında çox mühüm və dəyərli rol oynayıblar”.

Qutun fikrincə, bir sıra xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıblar. İsrailli siyasi analitik yazır: “Azərbaycan əsilli israillilər artıq neçə illərdir ki, Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edir. Azərbaycanda yəhudi xalqı heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmayıb”.

Məqalədə İsrailin 9-cu prezidenti Şimon Peresin Azərbaycana tarixi səfəri zamanı dediyi sözlər sitat gətirilir: “Mən bilirəm ki, Azərbaycanın siyasəti sülh, dostluq, inkişaf, habelə müstəqilliyi möhkəmlətmək siyasətidir. Sizin unikal coğrafi mövqeyiniz sayəsində şübhəsiz ki, siz dünyanın bu hissəsində əsas və mühüm ölkəsiniz və belə də qalacaqsınız”.

Məqalə müəllifinin fikrincə, bu gün sirr deyil ki, Azərbaycan İsrail üçün həmişə cəlbedici ölkə olub. Özü də təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur. Arye Qut yazır: “Eyni zamanda, rəsmi Bakı başqa yerlərdə antisemitizm təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir, Azərbaycan isə bu gün bütün dünya birliyi üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Azərbaycanlıların həyatına tarixən xas olan multikulturalizm və tolerantlıq bu gün milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz cəhətinə çevrilib. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan, eyni zamanda, başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilər, xristian və yəhudi icmaları üçün doğma vətəndir. Milli azlıqlara hörmət və tolerantlıq antik dövrdən İpək yoluna və zəmanəmizə qədər bu ölkənin inkişafında həyati əhəmiyyətli rol oynayıb. Azərbaycan minilliklər boyu təqiblərdən və zülmdən xilas olmağa çalışan bir sıra xalqlar üçün, ilk növbədə, yəhudilər üçün təhlükəsiz sığınacaq olub”.

Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasında qarşılıqlı münasibətlərin əhəmiyyətini və səmimiliyini qeyd edib. Azərbaycan dövlətinin başçısı bildirib ki, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və anlaşma şəraitində yaşayıblar, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycanda yeddi sinaqoq var. Respublikada yəhudi məktəbləri də fəaliyyət göstərir”.

Məqalə müəllifi vurğulayır ki, rəsmi Bakı hələ İsraildə özünün diplomatik missiyasını açmasa da, Azərbaycan hökuməti İsrailə tez-tez çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində Bakıda daha çox sayda israilli qonaqları qəbul edir. Arye Qut yazır: “İsrail ilə iqtisadi əlaqələrin genişlənməkdə davam etməsini, İsrailin daim Azərbaycandan neft almasını və Azərbaycan iqtisadiyyatına, onun kənd təsərrüfatına sərmayə qoymasını nəzərə alsaq, bu, xüsusilə düzgün və əlamətdardır. Eyni zamanda, Azərbaycana kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiya sahələrində müasir yüksək texnologiyalar lazımdır və bu siyahını davam etdirmək olar. İki ölkə təhsil, humanitar və mədəni layihələri də genişləndirirlər”.

Məqalə müəllifi İsrail-Azərbaycan qarşılıqlı münasibətləri probleminə toxunaraq göstərir ki, 2016-cı ilin dekabrında İsrailin Baş nazirinin Azərbaycana səfəri tarixi hadisə olub. Arye Qut yazır: “Binyamin Netanyahu 1997-ci ilin avqustunda tranzit səfərlə Bakıda olub. Buna baxmayaraq 2016-cı ilin dekabr səfəri tarixi hadisə idi, çünki bu, iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25 illik tarixi ərzində İsrail hökumətinin başçısının Azərbaycana ilk rəsmi səfəri idi. İsrailin Baş naziri ilə Azərbaycan Prezidentinin Bakıdakı bu görüşü bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, bu münasibətlərin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim artır. İki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Əvvəllər bu dövriyyə əsasən neft-qaz sahəsi hesabına yaranırdısa, indi bu münasibətlərin inkişafı şaxələnir, iqtisadiyyatın başqa sektorlarını - kənd təsərrüfatı, informasiya texnologiyaları, hərbi sənaye, su ehtiyatları kimi sahələri də əhatə edir. Hərbi-texniki tərəfdaşlıq fəal inkişaf edir və möhkəmlənir”.

Siyasi ekspert Aleksandr Murinsonun bir neçə il bundan əvvəl yazdığı kimi, yaxın gələcəkdə “Azərbaycan-İsrail münasibətləri, informasiya texnologiyaları, suyun təmizlənməsi, təbabət, kənd təsərrüfatı və mədəni mübadilə kimi sahələrdə elmi əməkdaşlıq yəqin ki, yalnız inkişaf edəcək və möhkəmlənəcək. Daha əhəmiyyətlisi budur ki, müdafiə və kəşfiyyat sahəsində strateji əməkdaşlıq genişlənəcək. Yaxın Şərqdə son dərəcə təhlükəli geosiyasi əhatədə yerləşən iki kiçik ölkənin bu cür əməkdaşlığı uğurlu münasibətlərin unikal əlaqələndirilməsi nümunəsidir”.

Arye Qut öz məqaləsində yazır ki, İsrail ilə Azərbaycan arasında hərbi-texniki tərəfdaşlıq daim fəal şəkildə inkişaf edir və möhkəmlənir. Müəllif yazır: “Son vaxtlar İsraildə bəzi KİV-lər bu ölkədəki erməni lobbisinin bir sıra nümayəndələrinin köməyi ilə İsrail-Azərbaycan hərbi əməkdaşlığında guya “problemlər” yaranması barədə yalan informasiya yaymağa çalışır. 2016-cı ilin aprel hadisələrindən sonra çevik əks-hücum zamanı erməni ordusunun müdafiə xətti məhv edildi, Azərbaycan ordusu isə strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytardı. Həmin dövrdə, yəni bir il bundan əvvəl biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı barəsində Ermənistanın tənqidi mövqeyinə gəldikdə vurğulamaq lazımdır ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını yalnız özləri seçir və hərbi-texniki sahədə strateji tərəfdaşlığın və əməkdaşlığın səviyyəsini bu ölkələr özləri müəyyən edir. Üstəlik, heç kəsin bu prosesə müdaxilə etməyə haqqı yoxdur. Axı Azərbaycan Ermənistan ərazisində nəyə görə üçüncü dövlətin – Rusiya Federasiyasının hərbi bazalarının yerləşməsini və Rusiyanın Ermənistana hansı hərbi yardım göstərməsini soruşmur. Aşkardır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini üçüncü qüvvənin köməyi ilə işğal edib. 25 ildən artıq müddətdə Azərbaycan ərazisini işğal altında saxlayan bir ölkənin rəsmi Bakını beynəlxalq hüquq normalarını pozmaqda ittiham etməsi absurd və cəfəngiyyatdır.

Müəllif yazır: “1992-ci ilin əvvəlində Ermənistan Dağlıq Qarabağ kəndlərindən başlayaraq öz işğalçı siyasətini fəallaşdırmaq üçün Rusiyanın real hərbi və maddi köməyindən istifadə etməyə başladı. 1992-ci il fevralın 26-da insanlığa qarşı mənfur cinayət törədildi – erməni silahlı qüvvələri Xocalı şəhərində dinc azərbaycanlı sakinlərə qarşı qanlı qırğın və soyqırımı aktı törətdilər. Azərbaycanın kiçik Xocalı şəhərində qeyri-insani qanlı qırğın insanlığa qarşı cinayət idi. Ermənistan silahlı qüvvələri nasistlər kimi təsvirəgəlməz vəhşiliklər və barbarlıq edirdilər. Bu qırğın zamanı 613 nəfər öldürüldü, 487 adam şikəst oldu, 1275 mülki şəxs – kişilər, qadınlar, uşaqlar və qocalar əsir götürülərək ağlasığmaz əzablara və təhqirlərə məruz qaldı. Xocalının mülki əhalisinin kütləvi şəkildə qırılmasının yalnız bir səbəbi vardı – bu sakinlər hamısı azərbaycanlı idi”.

A.Qut vurğulayır ki, Xocalıda soyqırımı aktının ideoloqları və icraçıları müasir Ermənistanda rahatca yaşayır və işlərini davam etdirirlər. Analitik yazır: “Onların çoxu hətta bu gün də hökumətdə yüksək vəzifələr tutur – sabiq müdafiə naziri Seyran Ohanyan, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və bu ölkənin keçmiş prezidenti Robert Koçaryan Xocalıda soyqırımı aktının əsas ideoloqları və icraçılarıdır. Onlar da, alman faşistləri kimi, vəhşiliklərdə və qanlı qırğında iştirak etdiklərinə görə, öz cinayətkar əməllərinə görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq bu ideoloqların bəziləri, məsələn Ermənistan dövlətinin indiki başçısı xarici KİV-lərə müsahibələr verir və azərbaycanlılara qarşı faşistlər kimi törətdikləri cinayətkar hərəkətləri ilə fəxr edirlər”.

Məqalə müəllifi vurğulayır ki, müasir Almaniya ölkə gənclərinə nasist Almaniyasının törətdiyi dəhşətlər barəsində ciddi xəbərdarlıq edir. Almaniyadan fərqli olaraq müasir Ermənistan cəmiyyətinin ən böyük qəbahəti ondadır ki, erməni faşistlərin - Dronun və Njdenin şəxsiyyətinə pərəstiş təbliğ edilir. Arye Qut yazır: “Onların şərəfinə sikkələr zərb edilir, onlara heykəllər qoyulur, guya əsl xalq qəhrəmanları kimi qələmə verilərək onların həyat və fəaliyyəti barədə filmlər çəkilir. İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtının 20 minlik erməni legionunun qəddarlıqlarını tarix heç vaxt unutmayacaq. Erməni faşistlərin komandiri general Dronun rəhbərlik etdiyi ermənilər minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv olunmasında iştirak ediblər”.

Arye Qutun fikrincə, daha absurd təsir bağışlayan fakt odur ki, 1998-ci ildən Ermənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyası faşist və antisemit Qaregin Njdeyə sadiq olduğunu açıq-aşkar bəyan edir. İsrailli analitik yazır: “Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bu əməllərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, müasir Ermənistan Respublikasının kriminal terrorçu rəhbərliyi dayanır. Faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı bir daha təsdiqləyir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi varisləri hesab edirlər”.

Qutun fikrincə, Ermənistan müxtəlif vaxtlarda vəziyyəti süni şəkildə kəskinləşdirməklə və atəşkəs rejimini pozmaqla sülh danışıqlarından qaçmağa çalışıb. Arye Qut vurğulayır: “Ermənistan ordusu bu məqsədlə işğal olunmuş ərazilərdə silahlı provokasiyaları daim fəallaşdırır, Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhaliyə atəş açır. Prezident Sarkisyan tez-tez bildirir ki, Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində müdafiə qabiliyyətini ardıcıl surətdə artırır. O, Rusiyanın Ermənistan ərazisində yerləşən 102-ci hərbi bazasının rolunu daim vurğulayır. Üstəlik, 2016-cı ilin noyabrında Ermənistan Rusiya Federasiyasının hava hücumundan müdafiə sisteminə daxil olub. Bütün bunlar sübut edir ki, Ermənistanın müstəqil müdafiə strategiyası və hərbi təyinatlı malları tədarük etmək siyasəti yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik haqqında müqavilə təşkilatının (KTMT) üzvüdür və Rusiya ilə birgə hərbi ittifaq yaradılması barədə ikitərəfli saziş Ermənistanı silahlı qüvvələrin müstəqilliyi prinsiplərindən tamamilə məhrum edir.

Digər tərəfdən, erməni siyasətçilərinin İsrail ilə Ermənistanın hərbi əməkdaşlığının mümkünlüyü barədə sözləri siyasi blefdən başqa bir şey deyil. İsrailin Ermənistana silah satması üçün bu ölkə ilə strateji münasibətləri olmalıdır, həqiqətdə isə İsrailin Ermənistanla bu cür münasibətləri sıfır səviyyəsindədir, praktiki olaraq belə münasibətlər yoxdur. Ermənistanın İsrail hərbi-siyasi şirkətləri ilə hərbi texnika satışına dair ciddi kontraktlar bağlaması üçün maliyyə vəsaiti yoxdur. Kommersiya baxımından Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur”.

Azərbaycan torpaqlarını işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan reallıqda Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalır. İsrailli ekspert daha sonra yazır: “İnkaredilməz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı və ən yoxsul ölkədir. Əhalisinin sayı 1,5 milyon olan kiçik Ermənistan dövləti son illərdə geosiyasi təcrid olunmuş vəziyyətdədir”.

Qut yazır ki, İsrail dövləti Azərbaycanın ədaləti mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan münasibətlərini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməyə çağırır. Arye Qut yazır: “ 25 ildən çoxdur ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyon qaçqın yaranıb. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün çox zəruri və əhəmiyyətlidir”.

İsrail vətəndaşı kimi Arye Qut qürurla qeyd edir ki, Azərbaycan rəhbərliyi dünyada analoqu olmayan bu ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Azərbaycan Prezidentinin himayəsi altında ölkədə iki sınaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoqa, əməkdaşlığa və tərəfdaşlığa necə nail olmasını bilmək istəyənlər Dağlıq Quba rayonundakı yəhudilərin məşhur Qırmızı qəsəbəsinə baxsalar kifayətdir. Qırmızı qəsəbə İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkan, Azərbaycanın əsl qürur mənbəyidir.

Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin Azərbaycana tarixi səfəri zamanı Arye Qut ondan Azərbaycandakı yəhudi icması barəsində təəssüratlarını soruşanda Ronald Lauder belə cavab verib: “Bilirəm ki, Holokost zamanı Azərbaycan özlərini və öz uşaqlarını nasistlərdən xilas etmiş Avropa yəhudiləri üçün azsaylı sığınacaqlardan biri, sonra isə onlar üçün əsl Vətən olub. “Dağ yəhudiləri” anlayışı mənə çox mücərrəd və anlaşılmaz göründü. Mən onlar haqqında çox eşitmişdim, amma onların məskənlərini heç vaxt görməmişdim. Azərbaycanın Quba rayonunda isə Azərbaycan xalqının və ölkə rəhbərliyinin dağ yəhudilərinə səmimi və dost münasibətini gördüm. Mən Qırmızı qəsəbədəki gözəl sinaqoqda oldum, bizim nümayəndə heyətini və məni qarşılamağa nə qədər insan gəldiyini görəndə çox mütəəssir oldum.

Sözün düzü, müsəlman ölkəsində bu cür güclü yəhudi icması görəcəyimi gözləmirdim. Dünyada bunun analoqu yoxdur. Düşünürəm ki, Qırmızı qəsəbə başqa ölkələr üçün əla nümunədir. Azərbaycan multikulturalizm sahəsində öz uğurları ilə fəxr edə bilər. Dünya Yəhudi Konqresinin prezidenti kimi mən Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətli və səmimi münasibətini yüksək qiymətləndirirəm və Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”.

Arye Qut qeyd edir ki, yəhudilər və müsəlmanlar bu regionda əsrlər boyu dinc və mehriban yaşayırlar. İsrailli ekspert sonda yazır: “Azərbaycana qarşı etnik təmizləmə və təcavüzə baxmayaraq, bu təcavüz nəticəsində ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, 1 milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq modelidir. Dözümlülük və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlidir. Azərbaycan dönə-dönə nümayiş etdirir ki, zorakılıq və çəkişmələr tətbiq etmədən harmoniya mümkündür və istənilən problem həll edilə bilər. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin əksəriyyətini, həm də başqa dövlətlərdəki yəhudi icmasının hörmətini qazanıb”.

 


Create Account



Log In Your Account