Jan 24 2017 17:32
Ulviyye Sabirqizi
Views: 1913

Suriya böhranının həllinə dair Astana görüşündə Rusiya, İran və Türkiyə atəşkəsin monitorinqi mexanizmi üzrə razılıq əldə edib. Bölgədə əməliyyat şəraitinə nəzarət olunması məqsədilə üçtərəfli mexanizmin qurulması qərara alınıb. Tərəflər hərbi əməliyyatların dayandırılması və atəşkəsin pozulması hallarına nəzarət edəcəklər. Gündəlik müşahidələr nəticəsində atəşkəsin pozulması hallarına rast gəlinlərsə, Türkiyə, Rusiya və İran öz nüfuzlarından istifadə edərək əməliyyatların dayandırılması barədə münaqişə tərəflərinə təsir göstərəcəklər.

Bu, Astana danışıqlarının yekunu olaraq imzalanacaq bəyanatın maddələrindən biridir. Sənədin bütün detalları hələlik razılaşdırılmayıb. Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri ordu tərəfindən hərbi əməliyyatların başlanmayacağına dair zəmanət almağa çalışırlar.

Bu arada yayılan xəbərə görə, Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər. Nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib ki, müxalifət atəşkəs barədə razılaşmanın detalları üzərində iş aparır və onlar atəşkəsə çox ciddi yanaşırlar. TASS agentliyi Suriya hökumətinin də kommunikeni imzalamayacağını açıqlayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Astanada aparılan danışıqların gedişini müzakirə edib. Astanada Suriya məsələsi üzrə danışıqlar yanvarın 23-də başlayıb. Ötən gün gecə yarısına qədər davam edən toplantıda son üç ildə ilk dəfə Suriyanın hökumət və müxaifət nümayəndələri bir dəyirmi masa arxasında bir araya gəlib.  Danışıqlar Rusiya, Türkiyə, İran və BMT-nin zəmanətilə keçirilir.

Bu, münaqişənin həlli istiqamətində danışıqlarda yeni mərhələ kimi qiymətləndirilir. Gündəlikdəki əsas mövzular terrorizmlə mübarizə və atəşkəs rejiminin möhkəmləndirilməsidir.

 


Create Account



Log In Your Account