Mar 17 2017 12:37
Ulviyye Sabirqizi
Views: 1251

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz bu gün Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.

CBC-nin ATƏT-in saytına istinadən verdiyi məlumata görə, o bildirib ki, bir il əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son iki onillik ərzində baş verən ən dəhşətli döyüş zorakılığa, insan itkisinə və əziyyətlərə səbəb olub: “Bu, müharibənin sülh səylərini nə dərəcədə təhlükə altına almasının sübutudur. Bu halda biz tərəfləri atəşkəsi təhlükə altında qoya biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırırıq. Bütün tərəflər öz öhdəliklərini yerinə yetirməli, beynəlxalq humanitar öhdəliklərə güclü şəkildə əməl etməlidir. Müharibə cinayətlərinə heç bir zaman haqq qazandırıla bilməz”. 

Ötən ilin aprelində təmas xəttində baş verən toqquşmanı xatırladan ATƏT sədri danışıqlarda yeni impulsun olacağına ümid etdiyini vurğulayıb: “Təmas xəttində böyük itkilərə səbəb olan toqquşma və ciddi zorakılıq bir il ərzində bizim üçün xüsusi narahatlıq mənbəyi oldu. Etimad yaradıcı tədbirlər və substantiv danışıqların bərpası üçün praqmatik və praktik addımlar atmağın əsl vaxtıdır”.

S. Kurz aprel müharibəsindən sonra baş verən itkilərlə bağlı da təəssüfünü ifadə edib və bundan əziyyət çəkən ailələrə başsağlığı verib: “Bir il əvvəl baş verən döyüşlərin afterşoku azərbaycanlılar və ermənilərin sülhə inanmasını daha da çətinləşdirdi. Lakin dəfələrlə qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz bu gün sülh planı qurmalıyıq və müharibənin bütün pis nəticələri ilə birlikdə geri qayıtmasına imkan verməməliyik”.

S. Kurz şəxsi nümayəndəsi Anjey Kaspşikin və onun ofisinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsgərlərin meyitlərinin qaytarılması işində aktiv iştirakı ilə əlaqədar fəaliyyətini də qiymətləndirib: “ATƏT sədrliyi tərəflərin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi istiqamətində səylərinə töhfə verməyə hazırdır”.

 


Create Account



Log In Your Account