Dec 10 2018 15:29
Ferah Sabirqizi
Views: 204

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb. Qeyd edib ki, bu tarixi şəxsiyyət bütün həyatını dövlətçiliyimizin, xalqımızın xoşbəxt və qayğısız həyatına, gələcəyinə həsr edib. Rektorun sözlərinə görə, Heydər Əliyev dedikdə, ilk olaraq göz önünə Azərbaycanın müasir tarixi gəlir: “Bu müasir tariximizdə ulu öndər Heydər Əliyevin danılmaz, dərin izi var. Onun qoyduğu izlər bu gün də uğurla davam etdirilir. Azərbaycan tarixinə ulu öndərin ilk müdaxiləsi 1969-cu ildə başlayıb. Heydər Əliyev ölkə rəhbəri vəzifəsində olduğu zaman bu geridəqalmış aqrar respublikadan, sənayesi, sosial həyatı, mədəniyyəti inkişaf etmiş bir respublika yaratdı”. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə ikinci dəfə müdaxiləsi 1993-cü ilə təsadüf edir. Həmin dövrdə ölkədə daha ağır şərait olub: “Ölkə müharibə şəraitində yaşayırdı. Həmçinin dərin sosial, iqtisadi böhran içində idi. Hətta mətbuat yazırdı ki, ölkədə buğda ehtiyatları cəmi bir neçə günlük qalıb. Elektirk enerjisi tükənib və s. kimi problemlər, dövlətimiz üçün böyük bir təhlükə mənbəyi idi. Və indi həmin illəri analiz edərkən, birmənalı şəkildə bu fikrə gəlirik ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının uğuru olub”. 

Rektor G. Gəraybəylinin sözlərinə görə, bu gün ətrafımızda baş verən hadisələr, geosiyasi durumu müşahidə edərkən bir daha əmin oluruq ki, məhz Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu çətin dünyada müstəqilliyini, mədəniyyətini, iqtisadiyyatını qoruyub saxlaya bilib.

ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva çıxışında Azərbaycanın elm və təhsillə bağlı strategiyasının əsasının məhz ümummilli lider tərəfindən qoyulduğunu bildirib: “Məhz bu strategiya ölkədə elm və təhsilin gələcək inkişafına nail olunmasına şərait yaratdı. O, nəinki bu iki sahənin əhəmiyyətini xüsusi vurğulayırdı, həm də onların daxili əlaqəsini, bir-birini tamamlama şərtlərini də həyata keçirirdi. Ulu öndər deyirdi ki, “elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının yüksək şüur səviyyəsi ilk növbədə müəllimlərin zəhmətinin bəhrəsidir”. Qeyd olunub ki,  Heydər Əliyev daim xarici mütəxəssislərin diqqətini Azərbaycana çəkməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bununla da səhiyyə sahəsində mövcud olan durğunluğun aradan götürülməsinə nail olunub. Ötən əsrin 70-ci illərindən etibarən beynəlxalq qurultay, simpozium, konqres və konfransların ölkəmizdə keçirilməsinə nail olan Heydər Əliyev səhiyyə işçilərinin də beynəlxalq miqyasda tanınmasına əlverişli şərait yaradıb.

ATU-nun İctimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov  da milli liderin rəhbəliyi altında  Azərbaycanın keçdiyi yola nəzər salıb. Bildirib ki, Azərbaycan hərtərəfli geriləmə prosesində olarkən, Heydər Əliyev ölkə  iqtisadiyyatının dirçəlməsi üçün əhəmiyyətli işlər görüb. Ulu öndər Azərbaycan xalqının ən faciəli günlərində xalqın yanında olub, müstəqillik illərində Azərbaycanın inkşaf yoluna qədəm qoymasına səbəb olub. 

Tədbirdə gənc nəslin nümayəndələrinə də söz verildi. ATU-nun II müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Türkay Kərimli milli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin daha çox uğurlara imza atacağını bildirdi. 

 


Create Account



Log In Your Account