May 08 2021 11:57
Elshad Aliyev
Views: 176

Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri sonuncu mərhələ üzrə davam etdirilir. Uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan götürür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir neçə marşrut üzrə yenidən qurulmasına başlanılıb. Bunlar Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik yollar, həmçinin 5,6 kilometrlik Avşar, 2,9 kilometrlik Salmanbəyli, 4,5 kilometrlik Aşağı Avşar və 0,6 kilometrlik Xocavənd kəndlərinin daxili yollarıdır.

Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 kilometrlik yolun, həmçinin kəndin 5,6 kilometrlik daxili yollarının yenidən qurulmasına başlanılıb.

Tikintinin iş icraçısı Sədrəddin Qarayev bildirib ki, yenidənqurma işləri çərçivəsində yararsız örtük sökülüb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb. Yolun dərədən keçən hissəsi və torpaq yatağı təmir edilərək çınqılla doldurulub.

Yollar boyu müxtəlif diametrlərə malik metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri də həyata keçirilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, qum-çınqıl və qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi işləri aparılıb.

Avşar kəndinə gedən 10 kilometrlik yola birinci qat asfalt-beton örtüyü salınıb. Hazırda kəndin 5,6 kilometrlik daxili yollarına asfalt örtüyün vurulması davam etdirilir.

Kənd yollarının təmir edilməsi sakinlərin sevincinə səbəb olub. Avşar kənd sakini Kərim Ələkbərov deyib: "Kəndimizdə bütün infrastruktur yaradılıb. Kənd qazlaşdırılıb, elektrik, su və rabitə ilə təmin edilib. Tək narahatlığımız yol sarıdan idi. Rayon mərkəzinə 15 dəqiqəlik yolu 40-50 dəqiqəyə gedirdik. Yağış yağanda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirdik. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz də aradan qaldırılır. Artıq kənddən rayon mərkəzinə rahat gedib-gələ bilirik. Hazırda isə kəndin küçələri asfaltlanır. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Ağcabədi rayonunun Salmanbəyli kəndinə gedən 8 kilometrlik yolun və sözügedən kəndin 2,9 kilometrlik daxili yollarının yenidən qurulması işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir, suötürücü borular quraşdırılır. Daha sonra isə yenidənqurma işləri layihə üzrə Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 9,4 kilometrlik yollarda, həmçinin sözügedən kəndlərin 5,1 kilometrlik daxili yollarında davam etdiriləcək.

Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 72 yol nişanı və məlumatverici lövhə, 840 ədəd təhlükəsizlik dirəyi və kilometr göstəriciləri quraşdırılacaq. Həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Yenidənqurma işləri nəticəsində həmin ərazidə yaşayan 14 min sakinin respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə, yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşınmasına imkan yaranacaq.

 


Create Account



Log In Your Account