Dec 14 2017 15:22
Ferah Sabirqizi
Views: 77

Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədi qəbul edilib. Hesabat əhəmiyyətinə görə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin il ərzində hazırladığı və qəbul etdiyi ən vacib sənəd hesab olunur  və mətndə  Azərbaycan üçün prinsipial maraq kəsb edən müddəalar da öz əksini tapıb. Sənəddə ilk dəfə bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət öhdəlik kimi qəbul edilir.

Hesabatın əvvəlində suverenlik, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə Avropa İttifaqının bütün üzv dövlətlərinin hörmət etdiyi qeyd olunur. Hesabatda ilk dəfə Şərq Tərəfdaşlığı ölkələrində baş verən münaqişələrə Avropa Parlamentinin vahid mövqedən yanaşması əksini tapıb.

Məsələni şərh edən politoloq Hikmət Babaoğlu CBC-yə müsahibəsində bildirib ki, Avropa Parlamentində yenidən bu məsələyə qayıdılması və bir daha bu məsələnin bəyan edilmsi həm Şərq Tərəfdaşlığına üzv olan ölkələrin mənafeyi baxımından aktualdır: «Həm də elə Avropanın özünün  təhlükəsizliyi baxımından. Çünki Şərq Tərəfdaşlığı proqramı çərçivəsində biz bilirik ki, Azərbaycanın da ərazi bütövlüyü pozulub, Gürcüstanın da ərazi bütövlüyü pozulub. Əgər bu sindromlar belə davam edərsə,gələcəkdə heç şübhəsiz ki,Avropanın özünü də bu məsələ təhdid edə bilər”.

 Avropa Parlamentinin ermənipərəst üzvləri müzakirələr zaman ərazi bütövlüyü prinsipi ilə bağlı müddəaların mahiyyətini təhrif edən düzəliş irəli sürülsələr də, parlamentarilərin əksəriyyəti həmin düzəlişin əleyhinə səs verib. Millət vəkili Aydın Mirzəzdə deyir ki, Azərbaycanın bu məsələdə ən çox diqqətini çəkən Dağlıq Qarabağ məsələsində təşkilatın tutduğu mövqedir. Avropa Parlamentinin qəbul etdiyi  hesabat  mühüm əhəmiyyət kəsb edir, amma qurumun bu istiqamətdə konkret addımlar atmasına ehtiyac var.

«Avropa Birliyi problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar çıxdığını bəyan edib. Amma Azərbaycan hesab edir ki, bu mövqe  bu günkü reallıq üçün azdır. Söhbət Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib  orada silahlı qüvvələrini saxlamasıdır. Azərbaycanın ərazi bütövlüyünü tanımamasıdır. Onun suverenliyini qəbul etməməsidir. Amma nədənsə Avropa Birliyi Ermənistana qarşı hər hansı bir ciddi  mövqe göstərmir. Ermənistanın bu məsələdə ikili standartlar göstərməsi, Ermənistanın özünü cəzasız hiss etməsi, Ermənistanın beynəlxalq hüquq normalarını saymamasına gətirib çıxarır”.

Hazırda Avropa İttifaqının həm icraçı, həm də Avropa Parlamentinin qəbul etdiyi doktrinal və icra üçün icbari sayılan sənədlərində bütün qonşu dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi əsasında dəstəklənməsi əks olunub. Bu, Avropa İttifaqının faktiki olaraq qonşuluqda baş verən münaqişələrə dair yeni vahid mövqeyinin formalaşmasını göstərir.

Avropa Parlamentinin qəbul etdiyi “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” mühüm sənəd hesab olunur. Məhz bu sənəd əsasında Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini parlamentdə ildə iki dəfə olmaqla onun icrasına dair açıqlama verir.

 

 

 

 


Create Account



Log In Your Account